27 May 17:40
6 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Qərbin Ukraynadakı münaqişəni qızışdırmağa və Rusiya ilə birbaşa qarşıdurmaya yönəlmiş bəyanatlarını dəlilik və məsuliyyətsizlik sayır.

Teleqraf.com xəbər verir ki, ölkə lideri Birinci və İkincidə olduğu kimi, Üçüncü Dünya müharibəsinin də Avropadan başlayacağı ilə bağlı xəbərdarlıq edib.

Orbanın sözlərinə görə, bu cür davranışlar nüvə silahının tətbiqi ilə yeni dünya müharibəsi təhlükəsi yaradır.

Avropa Parlamentinin əsas fraksiyası olan Avropa Xalq Partiyasının lideri Manfred Veberin Avropa Birliyində məcburi hərbi xidmətin tətbiqi ilə bağlı son təklifini şərh edən Macarıstan lideri bunu “sərsəm ideyaların təcəssümü” adlandırıb. Bundan əlavə, o, Qərbin Ukraynadakı hərbi əməliyyatlara davamlı maliyyə dəstəyinə toxunaraq, həyatında bundan daha məsuliyyətsiz bir şey görmədiyini söyləyib.

Baş nazir həmçinin nüvə silahından istifadə ilə bağlı açıqlamaların fövqəladə təhlükəsinə diqqət çəkərək xatırladıb ki, İkinci Dünya müharibəsi illərində ABŞ-nin Yaponiyaya atom bombası atacağını əvvəlcə heç kim inanmayıb.

Brüsseldə müharibə əhval-ruhiyyəsinə işarə edən Orban Avropa Komissiyasının tədricən hərbi şuraya, Avropa Parlamentinin isə hərbi quruma çevrildiyini bildirib. Onun fikrincə, bu, Avropa Birliyinin əsasını qoyan prinsipləri təhdid edir.

Orbanın iddiasına görə, NATO rəhbərliyinin Ukraynaya hərbi yardım göstərməkdə bütün alyans üçün müəyyən koordinasiya rolu yaratmaq istəyi onun müdafiə xarakterinə ziddir. Macar lider etiraf edib ki, NATO-nun Ukraynada müəyyən missiyası barədə eşidəndə əsəbiləşir.

Baş nazir təəssüflənir ki, Avropa müharibəyə doğru sürünür.

“İstənilən halda Macarıstan hansı arqumentlər gətirməsindən asılı olmayaraq, Avropa Birliyi və NATO-nun bu cür hərəkətlərində iştirak etməyəcək”, - Orban vurğulayıb. Bununla bağlı o, iyunun 6-9-da keçiriləcək Avropa Parlamentinə seçkilərin müharibə və sülh məsələsini həll edəcəyini bildirib və Ukraynada hərbi əməliyyatların davam etdirilməsi və digər ölkələrin də bu əməliyyatlara cəlb olunmasına qarşı çıxan tərəfləri dəstəkləməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər