9 İyun 11:40
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iyunun 8-də Rusiyanın Həştərxan vilayətindəki “Axtubinsk” aerodromunda Su-57-nin vurulduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat idarənin saytında yer alıb.

“2024-cü il iyunun 8-də RF-nin Həştərxan vilayətinin “Axtubinsk” aerodromunun ərazisində, döyüş xəttindən 589 kilometr aralıda işğalçı dövlətin Su-57 çoxməqsədli qırıcısı vurulub”, – deyə kəşfiyyatçılar peyk görüntülərinə əsaslanaraq bildiriblər.

Qeyd olunub ki, peyk görüntülərindən iyunun 7-də Su-57-nin bütöv şəkildə dayandığı və artıq növbəti gündə onun yaxınlığında partlayış çuxurları və atəş nəticəsində yaranmış yanğına xas izlər ortaya çıxıb.

Eyni zamanda, kəşfiyyatçılar vurulmuş obyektin Rusiyanın yeni nəsil qırıcısı olduğuna da diqqət çəkiblər: “Su-57 Moskvanın ən müasir qırıcısıdır, zərbələr üçün X-59 və X-69 raketlərindən istifadə edə bilir”.

Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi adıçəkilən vilayətin səmasında “üç PUA-nın zərərsizləşdirildiyini” açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər