Ukraynanın keçmiş prezidenti Petro Poroşenko olduğunu iddia edən şəxs Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona videozəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Devid Kemeronla özünü Ukraynanın keçmiş Prezidenti (2014-2019) Petro Poroşenko kimi təqdim edən şəxs arasında qısa videozəng olub. Həmin şəxs nazirdən başqalarının əlaqə nömrəsini istədikdən sonra Kemeron şübhələnməyə başlayıb və zəngi dayandırıb.
Qeyd edilib ki, nazirlik zəngi araşdırıb və bunun saxta olduğunu təsdiqləyib. Bildirilib ki, nazirlik başqalarının da bu təhlükədən xəbərdar olması üçün hadisəni ictimailəşdirmək qərarına gəlib.
Qeyd edək ki, siyasətçilər son aylarda süni intellekt (AI) texnologiyasının təkmilləşməsi fonunda artan dezinformasiya təhlükəsi ilə bağlı xəbərdarlıqlar alıblar.