PKK terror təşkilatının ABŞ-dən sonra ən böyük silah təchizatçısı olmağa namizəd olan İran da boş oturmur. Ötən aylarda təşkilata 50 kamikadze PUA təhvil verən İran bu dəfə PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
“Kürdüstan Vətənpərvərlər Birliyi” (KVB) vasitəsilə terror təşkilatına hərbi yüklər göndərən İranın seçdiyi marşrut Süleymaniyyədir.
PKK-ya kamikadze dronlarla yanaşı, PUA-ların erkən aşkarlanmasına imkan verən Rusiya istehsalı termalgörmə və digər hava müşahidə cihazlarının da verildiyi üzə çıxıb.
Nəşr yazır ki, İran tərəfindən terror təşkilatına verilən pilotsuz təyyarələrin bəzi hissələri Almaniya istehsalıdır. “Yeni Şafak”ın təhlükəsizlik mənbələrindən əldə etdiyi məlumata görə, kamikadze pilotsuz təyyarələrin bir qismi martda PKK-ya çatdırılıb.
Təhlükəsizlik mənbələri bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid silah-sursatla dolu avtomobillərin təşkilat üzvləri ilə birlikdə konvoy şəklində Təl Rıfat/Kəfr Nasuh bölgəsinə daxil olduğunu müəyyən etmişdi. SEPAH-ın bölgədəki qərargahları da terror təşkilatına təhvil verilib. Hər qərargahda təxminən 15 PKK üzvü olduğu bildirilir.
Türkiyə Süleymaniyyə hava limanında uçuş qadağasını daha 6 ay uzadıb. Türkiyə Hava Yolları PKK-nın Süleymaniyyədəki varlığını davam etdirdiyi və hava limanına sızaraq uçuş təhlükəsizliyini təhlükə altına ala biləcəyi səbəbilə 2023-cü ilin aprelində Süleymaniyyəyə uçuşları dayandırmışdı.