11 İyun 01:25
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Çasiv Yarda (Donetsk vilayəti) Ukrayna ordusunun əsas müdafiə xəttini keçməyib, amma onun şərqinə doğru fəal şəkildə irəliləyir.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” qoşun qrupunun sözçüsü Nazar Voloşin deyib.

İnternetdə Rusiya hərbçilərinin Çasiv Yarda hərəkətləri ilə bağlı video yayılıb. Voloşinin sözlərinə görə, video şəhərdəki Ukrayna hərbçilərinin əsas müdafiə xətti olan Siverskidə Donetsk-Donbas kanalının şərqində çəkilib.

“Ruslar əsas müdafiə xəttini keçməyiblər, amma onun şərqinə doğru fəal şəkildə irəliləyirlər”, - sözçü bildirib.

Öz növbəsində Rusiya mənbələri şəhərdə 500 metr irəlilədikləri haqda məlumat yayıb.

Voloşin vurğulayıb ki, Rusiya ordusu Çasiv Yarı ələ keçirməyə, həmçinin İvanivsk, Klişçivka və Andriivka istiqamətlərində - şəhərin cənub-qərbinə hücuma çalışır.

O əlavə edib ki, hücumlar zamanı Rusiya ordusu təkcə piyada birləşmələri yox, həm də tank və zirehli texnikalardan istifadə edir. Voloşin rus ordusunun səylərini artırdığını söyləyib: “Düşmən Çasiv Yar yaxınlığında aktiv şəkildə artilleriya atəşi, hava zərbələri və PUA-lardan istifadə edir”.

Çasiv Yar Donetsk vilayətinin sonuncu qalası hesab olunur. Ukrayna hərbi analitiklərinə görə, strateji yüksəklikdə yerləşən Çasiv Yar tutulsa, Donetskin qalan 4 şəhərinə yol açılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər