11 İyun 11:40
3 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avropaya, Avropanın da Türkiyəyə ehtiyacı var, biz birlikdə daha güclüyük.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin sözçüsü Peter Stano deyib.

Onun sözlərinə görə, AB Türkiyənin əhəmiyyətinin fərqindədir. Bununla belə, Stano AB-nin yanaşmasının prinsiplər və dəyərlər çərçivəsində olduğunu və bunlarsız irəliləyişə nail oluna bilinməyəcəyini söyləyib.

Stano Türkiyə və AB arasında üzvlük danışıqlarının dondurulmasına da toxunub: “Heç bir yerə gedib çıxa bilmədiyimizi görəndə ürəyim sızıldayır, çünki Türkiyə təkcə özü və region üçün yox, həm də AB üçün önəmli ölkədir”.

Sözçü AB-nin Türkiyəyə son zamanlarda namizəd ölkə yox, qonşu kimi yanaşması ilə bağlı sualı belə cavablandırıb:

“Türkiyəyə qonşu ölkə kimi yanaşmaqda qəbahət görmürəm. Yəni Türkiyənin qonşusu olmaq imtiyazdır, AB-nin qonşusu olmaq da bir imtiyazdır. Bizim böyük əlaqələrimiz olan ölkələr var ki, AB-yə daxil olmağı düşünmürlər. Belə nümunələr var və bu, əməkdaşlığımızı inkişaf etdirməyə mane olmur”.

Stano üzvlük danışıqlarının bərpası ilə bağlı qeyd edib ki, bu, yalnız 27 üzv dövlət “hə” dedikdə həll oluna bilər.

AB-nin Türkiyə ilə əməkdaşlıq etmək istədiyini, amma bunun prinsiplər çərçivəsində gerçəkləşə biləəcyini vurğulayan Stano Kipr məsələsinin maneə yaratdığını deyib.

Eyni zamanda, sözçü bildirib ki, Türkiyə AB-nin Rusiyaya qarşı sanksiyalarına qoşulsa, bu, oyunu dəyişəcək: “Sanksiyaların həyata keçirilməsi AB tərəfində çoxlu xoşməramlılıq və inam yaradacaq. Bu, Türkiyənin həqiqətən də öz namizədliyini səmimi və açıq şəkildə ifadə etdiyinin son sübutu ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər