Qərbin hərbi və maddi vədləri Ermənistanı çətin vəziyyətdən çıxarmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Bir çox insanlarda belə bir fikir var ki, Qərb, xüsusən də Fransa gəlib bizi bu çətin vəziyyətdən çıxaracaq. Amma Ermənistana hələ də xarici təhlükələr qarşısında dayana biləcəyinə lazım olan yardım göstərilmir. Fransa Ermənistana cəmi 2-3 radar və köhnəlmiş zirehli texnika verib, hətta Ukrayna da bunlardan imtina edib. Belə silahlar hərbi əməliyyatlar zamanı ciddi rol oynaya bilməz. Digər tərəfdən, ABŞ və Avropa Birliyi Ermənistana cəmi 335 milyon dollar maliyyə yardımı vəd edib ki, bu da qarşıdakı illər ərzində həyata keçirilməlidir. Bu, çətin ki, vəziyyəti dəyişsin”, - məqalədə deyilir.
Erməni nəşri hesab edir ki, Qərb üçün Cənubi Qafqazda ən önəmli tərəfdaş Ermənistan yox, Azərbaycandır: “Qərb üçün ən önəmlisi odur ki, karbohidrogenlər Azərbaycandan təhlükəsiz şəkildə Avropaya çatsın”.