Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri hörmətli Dövlət Baxçalı istəsə, ittifaqımıza qatıla bilər.
Teleqraf.com xəbər verir ki, bunu MHP liderinin sosial şəbəkədəki paylaşımı ilə bağlı danışan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl deyib.
CHP rəhbəri erkən seçki məsələsinə də toxunub: “Əgər hörmətli Baxçalı növbədənkənar seçki çağırışı etsə, bunu nəzərə alacağıq”.
Baxçalının sosial şəbəkədəki paylaşımından sonra Cümhur İttifaqında (MHP-AKP) çatın yarandığı iddiaları səslənərkən, MHP lideri ittifaqda problem olmadığını qətiyyətlə bəyan edib:
“Hər kəs çox yaxşı bilməlidir ki, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın yanında olacağıq, hansı şəraitdə olur-olsun, onu mütləq dəstəkləyəcəyik və tək qoymayacağıq”.
Baxçalı ötən gün sosial media hesabında “Allah mənə yetər” sözləri yazılmış üzük fotosunu paylaşıb. Paylaşım geniş müzakirə mövzuna çevrilib.
MHP sədrinin müavini Semih Yalçın Prezident Ərdoğanın son günlər müxalifət liderləri ilə keçirdiyi görüşlərdən irəli gələn iddialarla bağlı açıqlama verib. Siyasətçi bu təmasları ayrı yerlərə yozmağın doğru olmadığını söyləyib.
“Cümhur İttifaqında MHP ilə AKP arasında heç bir problem yoxdur, sadəcə ittifaqı pozmaq istəyənlər nifaq salmaq üçün cəhdlər edirlər”, - Yalçın vurğulayıb.