Rusiya-Ukrayna müharibəsi polyakların öz ölkələrini müdafiə etmək həvəsini artırıb.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, buna görə də könüllü hərbi təlim üçün müraciət edənlərin sayı artıb.
Polşa hərbçiləri ölkə gənclərini birləşdirmək və onlara vətənlərini Rusiyanın mümkün hücumlarından müdafiə etmək üçün təlim keçmək təşəbbüsü ilə çıxış edib.
Rusiyanın Ukraynaya müdaxiləsi Rusiya prezidenti Vladimir Putinin vaxtilə Sovetin təsir dairəsində olan digər ölkələrlə bağlı planlarının ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Bu narahatlıqlar fonunda Polşa 198 min nəfərlik ordusunu genişləndirmək qərarına gəlib. Rəsmilər bildirirlər ki, Polşa üzrə 70 yerdə keçirilən proqrama böyük maraq var. Müdafiə Nazirliyinin sözçüsü mayor Mişal Tomçik bildirib ki, İkinci Dünya Müharibəsindən bəri belə bir təhlükə ilə üzləşməyiblər. O, nazirliyin proqrama 10 min könüllü cəlb etməyi planlaşdırdığını, lakin könüllülərin sayının 11 mindən çox olduğunu bildirib.
Qeyd olunur ki, təşəbbüs çərçivəsində əksəriyyəti orta məktəbi yeni bitirmiş 18 yaşdan yuxarı şəxslərə əsas təlimlər təklif edən 28 günlük təlim-məşq toplanışı keçirilir. İştirakçılara 6000 zloti (1400 avro) ödənilir.