İranda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, bunu İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami deyib.
“Gecə yarısından sonra (yerli vaxtla, Bakı vaxtı ilə saat 00:30-da – red.) seçki məntəqələri bağlanır, qutular açılır və səslərin hesablanması başlayır”, - İRİB telekanalı rəsmidən sitat gətirir.
Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.
22:00
İranda prezident seçkiləri səsverməsi müddəti üçüncü dəfə uzadılıb, seçicilər yerli vaxtla saat 00:00-a (Bakı vaxtı ilə saat 00:30) qədər səs verə bilərlər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı İRİB telekanalı məlumat yayıb.
“Səsvermə saat 00:00-a qədər uzadılıb”, - İranın Seçki Komissiyasının nümayəndəsi Möhsün Əslami bildirib.
Böyük ehtimalla, üçüncü uzadılma sonuncudur, sonra səslərin sayılması başlayacaq.
18:00
İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.