NATO ölkələri Ukraynaya dəstək üçün çoxillik öhdəliklər barədə razılığa gələ bilməyib. Baş katib Yens Stoltenberqin blok ölkələrini razı salmaq cəhdləri baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “ASB Zeitung” məlumat yayıb.
ABŞ-də keçiriləcək sammit ərəfəsində NATO müttəfiqlərinin razılaşdıqları yeganə amil gələn il ərzində Ukraynaya ən azı 40 milyard avro məbləğində yardım göstərməklə bağlı olub. Ancaq kimin və nə qədər verəcəyi ilə bağlı hələlik konkret razılaşma yoxdur. Yalnız ilkin razılıq var ki, töhfənin ölçüsü NATO üzvü olan ölkələrin ÜDM-nin həcmindən asılı olacaq.
Alman nəşri yazır ki, Ukraynanı dəstəkləmək üçün uzunmüddətli öhdəliklər ideyasına qarşı, xüsusən də böyük iqtisadiyyatları olan, amma ÜDM-lərinin yalnız kiçik bir hissəsini Ukraynaya ayırmağa hazır olan İtaliya və Fransa çıxış edib.
Həmçinin qeyd olunur ki, NATO ölkələrinin Ukraynaya hərbi yardımla bağlı konkret öhdəliklərinin olmaması Rusiyanın artan təcavüzünü potensial təhlükə kimi qəbul edən Çexiya kimi ölkələrdə narahatlıq yaradıb.
Nəşrin fikrincə, uzunmüddətli öhdəlikdən yayınan dövlətlər Rusiya təhlükəsi ilə üzləşmək istəmirlər.