Prezident Rəcəb Tayyib Ərdoğan Suriya və Rusiya liderlərinin Türkiyəyə dəvət edilməsini istisna etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə dövlətinin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında jurnalistlərlə söhbətində deyib. “Biz Vladimir Putin və Bəşər Əsədə dəvət məktubu göndərə bilərik. Rusiya lideri Türkiyəyə səfər edə bilərsə, bu, yeni prosesin başlanğıcı olacaq”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, ötən illər ərzində bütün tərəflər Suriyada uzunmüddətli tənzimlənmənin zəruriliyini aydın şəkildə dərk ediblər.
“İnfrastrukturu dağılmış Suriyada sabitlik təmin edilməlidir. Qərəzli mövqedən imtina etmək və nəticədə Suriyada sülhün bərqərar olunmasına töhfə verə biləcək düşünülmüş, nəticəyə yönəlmiş siyasət həyata keçirmək vacibdir. Bölgədə sabitliyin pozulması terrorçuların imkanlarını genişləndirir”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri vurğulayıb ki, Ankara bundan sonra da Suriyaya dost əlini uzatmağa hazırdır.
Dövlət başçısı daha sonra Ukraynadakı vəziyyətlə bağlı Ankaranın mövqeyinə dair sualı cavablandırıb. “Hərbi əməliyyatların ilk günündən biz Ukrayna və Rusiya prezidentləri ilə əlaqə yaratdıq. Biz vasitəçiliyin çərçivəsini və imkanlarını müzakirə edirdik”, - deyə siyasətçi qeyd edib.
Ərdoğanın sözlərinə görə, vasitəçilik mövzusu Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Vladimir Putin ilə görüşdə də müzakirə olunub.
“Taxıl sazişi vasitəçilik məsələsində çox yaxşı başlanğıc oldu. Bu dəhliz 30 milyon ton kənd təsərrüfatı məhsulunu dünya bazarına çıxarmağa imkan verdi. Mən Putindən Afrikanın qida təhlükəsizliyi nöqteyi-nəzərindən həssas ölkələrinə və digər ərazilərə taxıl tədarükü təklifinə münasibətini maraqlandım. Üstəlik, tədarük Qərbdən deyil, Türkiyə vasitəsilə həyata keçirilə bilər. Putin cavab verdi ki, Moskvanın İstanbul Taxıl Təşəbbüsünün məqsədlərinə münasibəti dəyişməz olaraq qalır”, - deyə siyasətçi bildirib.
Türkiyə lideri Rusiya Prezidentinin Avropaya və ümumilikdə Qərbə mənfi münasibəti fonunda bu cür dəhlizin yaradılması imkanını vurğulayıb.
“Putin hesab edir ki, Qərb Rusiyanın imkanlarından istifadə etməməlidir. Eyni zamanda, Moskva Afrika ölkələrini dəstəkləməyə hazırdır. Ankaraya gəlincə, Rusiya Türkiyənin mövqeyinə xüsusi yer ayırır. Biz bu çərçivədə dialoqu davam etdirəcəyik. Hazırkı mərhələdə biz bu dəhlizin Rusiya hissəsi ilə bağlı məsələləri müzakirə edəcəyik”, - deyə Ərdoğan bildirib.
O, Rusiya ilə danışıqların nəticələrinin Taxıl dəhlizinin işini bərpa etməyə kömək edəcəyinə ümidvar olduğunu bildirib.
Ukraynadakı müharibə mövzusuna qayıdan Ərdoğan vurğulayıb ki, qan tökülməsindən nə Moskva, nə də Kiyev xeyir görəcək. “Ümid edirəm ki, gərginlik nəhayət azalacaq və sülhün əsasları formalaşacaq. Türkiyə bundan sonra da bu istiqamətdə əlindən gələni etməyə hazırdır”, - deyə Türkiyə lideri əmin edib.