Avropa İttifaqı (Aİ) Suriya, Şimali Koreya, Rusiya və Haitidən olan 4 məmur və 2 qurumuna "qlobal insan haqlarının müdafiəsi" çərçivəsində sanksiya tətbiq etmək qərarına gəlib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, onlar işgəncə və cinsi zorakılıq da daxil olmaqla, insan hüquqlarının pozulmasında ittiham olunurlar.
Adları sanksiya siyahısına salınan şəxslər arasında Bəşər Əsəd rejiminin Baş Qərargah rəisi Əbdül Kərim Mahmud İbrahim və rejimin müdafiə naziri Əli Mahmud Abbas da var.
Şimali Koreyanın Dövlət Təhlükəsizliyi Naziri Ri Çanqdae ölkədə həbs və ya həbsxana mərkəzlərində saxlanılan müxalifət xadimlərinə, qadın və qızlara qarşı törədilən çoxsaylı cinsi zorakılıq aktlarına görə sanksiya siyahısına salınıb.
Sanksiya tətbiq edilən şəxslər arasında Rusiyanın ilhaq etdiyi Xerson şəhərində yaradılmış həbsxana mərkəzinin direktoru Yevgeni Sobolev də var.
Siyahıya daxil edilən qurumlar isə Haitidəki "Kokorat San Ras" və Şimali Koreyadakı "Onsong County MSS" adlı təcridxanalardır.