Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətinə hücumla cəsarətli və riskli bir mərcə girdi. Atılan addımda məqsəd bu idi ki, Kiyev nəinki Rusiya qarşısında tarazlığı dəyişəcək, həm də rusları Ukraynanın şərqindən qoşunlarını çıxarmağa məcbur edəcək, eləcə də Qərbi Ukraynanı daha qətiyyətlə dəstəkləməyə təşviq edəcək. Bundan əlavə, Zelenski yorğun ukraynalıları hələ də döyüşə biləcəklərinə inandırmalı idi.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
ABŞ nəşri iddia edir ki, Kiyev öz məqsədlərinə qismən nail olub - Kursk əməliyyatı Ukraynanın Rusiyanı dayandırmaq iqtidarında olmadığı barədə iddiaları dəyişib.
ABŞ rəsmisi deyir ki, Kurska hücum Vaşinqtonu təəccübləndirib və Ukraynanın niyə belə radikal addım atması və bundan sonra nə baş verəcəyi ilə bağlı çaşqınlığına səbəb olub.
"İndi administrasiya ehtiyatla Zelenskinin mərcinin hansı nəticə verəcəyini gözləyir. Ağ Ev və Pentaqondan Baş Qərargaha qədər hamı, həmçinin Almaniyadakı Avropa Komandanlığı, rəsmilər ehtiyatlı nikbinliklə prosesi izləyirlər”, - WSJ qeyd edir.
Nəşrin yazdığına görə, Zelenski Kursk əməliyyatının məqsədinin bufer zona yaratmaq olduğunu bildirsə də, Pentaqonun hələ də sualları var – Ukrayna bu zonanı necə genişləndirəcək, belə bir planı varmı? Bəzi rəsmilər Ukraynanın ələ keçirdiyi Rusiya ərazilərini saxlaya biləcəyinə əmin deyillər.
ABŞ rəsmilərinin fikrincə, Kiyevin Kurskda məqsədi üç hissədən ibarətdir: Rusiyanı qoşunlarını Ukraynanın şərqindən çıxarmağa məcbur etmək, döyüş meydanında məğlubiyyət ritorikasını qırmaq və mümkün sülh danışıqlarından əvvəl mövqeləri yaxşılaşdırmaq. Nəşrin mənbələrinə görə, Ukrayna bu üç məqsədinə qismən nail olub.
Bundan əlavə, nəşr hesab edir ki, Kursk əməliyyatı Ukraynaya əsirlərin dəyişdirilməsi üçün yaxşı imkanlar yaradıb.
Rusiya hələ də Ukraynadan qat-qat çox hərbi əsir saxlayır, amma Kiyevin Kurskda yüzlərlə hərbçini ələ keçirməsi onları paritetə yaxınlaşdırıb. WSJ Ukrayna kəşfiyyatına istinadla bildirir ki, "Azov" alayının hərbçiləri də daxil olmaqla, böyük mübadilə imkanı kəskin şəkildə artıb.