Ukraynada cəbhəyə gedən kişilərin sayı artdıqca qadınların rolları dəyişməyə başlayıb. İndi ölkədə qadınlar kişilərin işlərini görürlər - kömür mədənlərindən tutmuş ərazi müdafiə qüvvələrinə qədər.
Teleqraf.com xəbər verir ki, bu barədə AP (Associated Press) yazır.
Xüsusən də ukraynalı qadınlar Rusiya PUA-larına qarşı mübarizə aparan hava hücumundan müdafiə bölmələrinə qoşulurlar.
Son aylarda ən azı 70 qadın pilotsuz təyyarələrlə mübarizə üçün Buça müdafiə qüvvələrinə cəlb edilib. Bu, yerli müdafiə bölmələrinin sıralarını doldurmaq üçün qadın könüllülərin işə cəlb edilməsi üzrə ümummilli kampaniyanın bir hissəsidir.
“Gecələr rus pilotsuz təyyarələrini izləyən bu qadınlar özlərini “Buça cadugərləri” adlandırırlar”, - ABŞ agentliyi bildirir.
Qadınlardan biri Angelina Buçanın Rusiya tərəfindən işğalı zamanı yaralanan sakinlərin müalicəsi ilə məşğuldur. O, yolun kənarında işə qəbul olunmaq istəyən qadınları çağıran lövhəni görəndə tərəddüd etmədən qoşulub.
Digər könüllü, 4 uşaqlı 34 yaşlı satıcı Lidiya deyir ki, əsas motivasiyası ailəsinin qorunmasına töhfə verməkdir.
“Kiçik oğlum həmişə soruşur ki, ana, sən silah gəzdirirsən? Deyirəm: “Bəli”. Soruşur ki, “sən də atırsan?” Cavab verirəm ki, “əlbəttə, atıram”, - Lidiya söyləyir.
Bölmələrdəki qadınlar iki-üç gündən bir növbəyə çıxırlar. Onlar pulemyotçu, köməkçi, atəş dəstəyi, sürücü və komandir olmaqla beş nəfərdən ibarət qruplarda işləyirlər. Həmçinin Angelinanın dediyi kimi, hava hücumundan müdafiə bölmələrinin işində asan bir şey yoxdur, daim məşq etməlisiniz.
“Mən həmişə məşq etməliyəm, xüsusən də simulyatorlarda”, - o deyir.
Kalipso çağırış nişanlı taqım komandiri qeyd edir ki, kişi və qadın könüllülər arasında heç bir fərq yoxdur:
“Xidmətə gəldiyimiz andan müqavilə bağlayırıq, biz artıq qadın deyilik, əsgərik. Biz işimizi görməliyik və kişilər də bunu anlayırlar. Biz bura oturub borş-filan bişirməyə gəlmirik”.
Angelinaya görə, qadınlar ərazi müdafiə qüvvələrinə qoşulmağa nə qədər çox hazırlaşsalar, Ukraynanın səması bir o qədər təhlükəsiz olar.
“Bu o deməkdir ki, anamın sağ-salamat yatmasına, bacı-qardaşlarımın məktəbə rahat getməsinə, dostları ilə rahat görüşməsinə az da olsa, töhfə verəcəm”, - ukraynalı qadın vurğulayır.