Əhəmənilər dövrünə aid 1100 tarixi lövhə İran Prezidenti Məsud Pezeşkianı ABŞ-a aparan təyyarə ilə Tehrana gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Geri qaytarılan tarixi əsərlər haqqında məlumat verən mədəni irs nazirinin müavini Əli Dərabi deyib:
“Bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib və 1936-cı ildə tədqiqat məqsədilə xaricə aparılıb”.
Əsərlərin bir hissəsinin keçən il İrana qaytarıldığını bildirən Dərabi bu partiyada 3 506 əsərin olduğunu qeyd edib.
Nazir müavini bildirib ki, bu dəfə geri qaytarılan lövhələrdə Əhəmənilər dövründə iranlıların həyatını təsvir edən mövzular var, mixi-elam əlifbası ilə yazılıb.
Şah dövründə İran və ABŞ arasında Əhəmənilər İmperiyasına aid 30 mindən çox gil lövhənin ABŞ-da 3 il müddətində tədqiq edilməsi barədə razılıq əldə olunub. Müqavilə çərçivəsində lövhələr 1936-cı ildə Çikaqo Universitetinə göndərilib. Anlaşmaya görə, qurum ən çox üç il müddətində artefaktları araşdıracaq və sonra onları İrana qaytaracaq. Lövhələrin bir hissəsi 1948, 1950 və 2004-cü illərdə, nəhayət ötən il İrana qaytarılıb.