28 Sentyabr 10:34
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun Livanın paytaxtı Beyrut şəhərinə hava hücumu ilə bağlı İran və ABŞ-dan ard-arda açıqlamalar gəlib.

Teleqraf.com xəbər verir ki, rəsmi Tehran İsrailin bu hücumunun oyun qaydalarını dəyişdiyini bəyan edib.

Açıqlamada gərginliyin təhlükəli həddə artdığı və İsrailin lazımi şəkildə cəzalandırılması lazım olduğu bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani İsrailin hücumu ABŞ bombaları ilə həyata keçirdiyini və Amerikanın bunda şərik olduğunu qeyd edib.

"ABŞ bombaları ilə həyata keçirilən bu hücumda Vaşinqton administrasiyası da iştirak edir. ABŞ və bəzi Qərb ölkələrinin atəşkəs danışıqları ilə bağlı təklifləri sadəcə vaxt udmaq üçün bir hiylədir”, - iranlı diplomat vurğulayıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da İsrailin “Hizbullah” terror təşkilatının Beyrudakı mövqelərinə qarşı son hücumlarından sonra açıqlama verib: “Hizbullah” bilməlidir ki, son ana qədər döyüş meydanında onlarla birlikdə olacağıq”.

ABŞ Prezidenti Co Bayden də Livanla bağlı jurnalistlərin suallarını cavablandırıb.

“ABŞ-ın İsrailin hərəkətləri ilə bağlı heç bir məlumatı və ya iştirakı yoxdur. Mövzu ilə əlaqədar hələ də məlumat toplayırıq, daha çox məlumat əldə etməliyik”, - ABŞ lideri deyib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqin də Beyruta son hücumla bağlı cavabı belə olub: ”ABŞ bu əməliyyatda iştirak etməyib və bizə əvvəlcədən xəbərdarlıq olunmayıb”.

İsrail mediası gecə saatlarında baş tutan hücumda əsas hədəfin “Hizbullah” lideri Həsən Nəsrullah olduğu bildirilib. İsrail nəşləri Nəsrullahın məhv edildiyini yazırlar.

“Walla” saytına danışan mənbə Nəsrullahın vurulan sığınacaqda olduğunu və buradan qurtulmasının mümkün olmadığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər