İsrailin ardıcıl raket zərbələriylə “Hizbullah” lideri Həsən Nəsrullah və bu təşkilatın əsas komandirlərinin bir çoxunu öldürməsində əsas məqsədi sərhəddə təhlükəsizliyin təminatıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, İsrailin “Hizbullah”a öldürücü zərbələr endirməsində başqa məqsədi də var:
“İsrail “Hizbullah”ı zəiflətməklə Livan hökuməti və ordusunun ölkəyə nəzarəti gücləndirməsini istəyir. “Hizbullah” Livanın cənubunda fəaliyyət göstərməklə yanaşı, paytaxt Beyrutda da siyasi qərarlara təsir gücünə malik idi. 2000-ci illərin əvvəllərində jurnalist kimi Beyrutda olanda bunu özüm də müşahidə etmişdim. Həmin il həm Livanın o zamankı prezidenti, həm də İsrailin raket zərbəsi nəticəsində ölümü təsdiqlənən Nəsrullaha suallar vermək imkanına malik olmuşdum. Nəsrullahın iqamətgahı ölkə prezidentinin iqamətgahından daha çox qorunur, ətrafındakı silahlıların sayı prezidentin cangüdənlərinin sayından daha çox idi.
Livan hökumətinə maliyyə dəstəyi verən bir çox dövlət “Hizbullah”ın tərkisilah olunmasını tələb etsə də, bunu reallaşdırmaq mümkün deyildi, belə olsaydı, ölkədə vətəndaş müharibəsi başlayardı. “Hizbullah” Livan prezidenti, baş nazir və müdafiə nazirinin qərarlarına tabe deyil. “Hizbullah”a silah və maliyyə davamlı olaraq İrandan göndərilir. Təşkilat bu dəstək sayəsində ayaqda dura bilir. Livanın iqtisadi-sosial vəziyyətinin ağırlaşmasının “Hizbullah” komandirlərinə çox təsiri yox idi, çünki onların maaşı kənardan gəlirdi. İndi vəziyyət dəyişəcək.
İsrail “Hizbullah”ı başsız qoymaqla Livan hökuməti və ordusuna şans yaratmaq istəyir ki, ölkənin hər yerinə nəzarəti bərpa edə bilsin. Belə olarsa, İsrailin şimal bölgəsi Livandan raket atəşinə məruz qalmayacaq. “Hizbullah”dan fərqli olaraq, Livan hakimiyyətinə qonşusu İsraillə sərhəddə gərginlik lazım deyil”.
Elxan Şahinoğlu baş verənlərin İrana mümkün təsirlərinə toxunub:
“Tehran da ciddi sınaqla üzləşəcək. İsrail həm HƏMAS, həm də “Hizbullah”ı başsız qoyub, bu iki qruplaşmanı zəiflədib. Tehran isə illərdir bu iki təşkilatı silahlandırır. Buna milyardlarla dollar xərclənib, halbuki bu maliyyə vəsaiti İran vətəndaşlarının iqtisadi-sosial problemlərinin həllinə yönəldilə bilərdi.
İranın yeni Prezidenti Məsud Pezeşkian HƏMAS və “Hizbullah”ın zəiflədiyini əsas gətirərək, bu iki təşkilata ünvanlanan maliyyənin ölkənin problemlərinə yönəldilməsinə mühafizəkarları inandırmağa çalışa bilər. Bu halda Pezeşkian ABŞ və Avropa ölkələri ilə əməkdaşlığa da ümid bəsləyə bilər. Çünki İrana qarşı tətbiq edilən sanksiyalar həm də Tehranın İrandan kənardakı silahlı qruplara verdiyi dəstəklə bağlıdır. Bütün hallarda son qərar İranın ali dini liderindən (Əli Xameneyi) asılıdır”.