3 Oktyabr 13:19
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın yeni Baş naziri Siqeru İşiba Asiya bölgəsində NATO-ya bənzər hərbi blokun yaradılmasını təklif edib. İşiba keçmişdə ölkəsinin müdafiə naziri olub, buna görə də baş nazir qismində təhlükəsizlik mövzularına diqqəti artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Dehli Tokionun təklifini bəyənməyib:

“Hindistan xarici işlər naziri Subramanyam Cayşankar bildirib ki, Dehli Yaponiyadan fərqli olaraq, heç bir dövlətin strateji müttəfiqi deyil. Hindli diplomat bu ifadəsi ilə Yaponiyanın ABŞ-ın strateji müttəfiqliyinə işarə edib. Cayşankar bununla həm də demək istəyib ki, Hindistan Qoşulmayanlar Hərəkatının üzvü kimi hərbi bloklara qoşulmur.

Yaponiya və Hindistan ABŞ və Avstraliya ilə birgə QUAD təşkilatının üzvüdür. Dehli ilə Tokio arasında son illərdə daha sıx münasibətlər formalaşıb. Buna baxmayaraq, Dehli bu təşkilatın hərbi blok olmadığını bəyan edib. Hindistan xarici işlər naziri bunu bir neçə dəfə səsləndirib. Buna rəğmən, Tokio bu təşkilatın “ikinci NATO”ya çevrilməsi ideyasından imtina etməyib. Tokionun narahatlığı aydındır. Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahilləri yaxınlığında keçirilən Çin-Rusiya birgə hərbi təlimləri Tokionu ciddi narahat edir. Yaponiya ABŞ-ın strateji müttəfiqi olsa da, ətrafında daha güclü təhlükəsizlik çəmbərinə ehtiyac duyur”.

Mərkəzin ekspertlərinin fikrincə, Vaşinqton da Dehli kimi Asiyada “ikinci NATO” yaradılmasına müsbət yanaşmır:

“ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Vaşinqtonun Hind-Sakit Okean bölgəsində hərbi blok yaratmaqla bağlı tələsik qərarın verilməsinin tərəfdarı deyil. Beləliklə, Tokio yaxın müddətdə bölgədə “ikinci NATO” yaratmaq ideyasını reallaşdıra bilməyəcək. Bu, yalnız o halda baş verə bilər ki, Çin Tayvan adasını nəzarətə götürmək istəsin və bölgədə toqquşma baş versin. Bu halda bölgədə təhlükəsizlik strukturunun önəmi arta bilər. Ancaq Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik, o cümlədən İsrail-İran qarşıdurması fonunda Çinin Hind-Sakit Okean bölgəsində yeni münaqişə ocağı yaratması ehtimalı azdır.

Hindistan da Çinlə münasibətlərində suallara təğmən, “ikinci NATO”ya “hə” deməklə vəziyyətin daha da gərginləşməsini istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər