Ukrayna Prezidenti Vladimir Zelenski Radada çıxışında 5 bənddən ibarət qələbə planını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, planda müttəfiqlərdən Ukraynanı rəsmi olaraq NATO-ya dəvət etmək və Rusiya ərazisinin Qərb silahları ilə vurulmasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq tələb olunur.
Zelenski bu şərtlər altında müharibənin gələn il bitəcəyini real hesab edir.
Qələbə planı 5 bənd və 3 gizli əlavədən ibarətdir.
Birinci bənd geosiyasidir. Burada Ukrayna sürətləndirilmiş prosedurla NATO-ya üzvlüyə dəvət olunur.
İkinci bənd müdafiə ilə bağlıdır. Bu bənddə Rusiya ərazisində əməliyyatların davam etdirilməsi və ərazisinə zərbə endirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, Rusiya aviasiyasının tərəfdaşlarla birlikdə məhv edilməsi, PUA və raket istifadəsinin genişləndirilməsi, müttəfiqlərin kəşfiyyat məlumatlarına çıxış kimi məsələlər yer alır. Bu bəndin gizli əlavəsi var.
Üçüncü bənd Rusiyanın qarşısının alınmasını ehtiva edir. Ukrayna burada öz ərazisində Rusiyadan gələn istənilən hərbi təhlükədən qorunmaq üçün kifayət edəcək qeyri-nüvə strateji silahları yerləşdirməyi təklif edir. Gizli əlavə də var.
Gizli əlavəsi olan dördüncü bənd Ukraynanın iqtisadi potensialının inkişafı və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlıdır.
Beşinci bənd müharibədən sonrakı dövr üçün hesablanıb. Buna görə, müharibədən sonra Ukrayna hərbçiləri öz təcrübələrindən NATO-nun Avropada müdafiəsini gücləndirmək üçün istifadə edə, həmçinin Ukrayna bölmələri Avropadakı Amerika qoşunlarının bir hissəsini əvəzləyə bilər.