Türkiyə Silahlı Qüvvələri qarşıdakı günlərdə Suriyada irimiqyaslı antiterror əməliyyatlarına başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist, “Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi deyib.
Jurnalist Türkiyə liderinin buna eyham olan açıqlamasına diqqət çəkib:
“Ağlım Prezident Ərdoğanın bu sözündə ilişib qalıb:
“İnşallah qarşıdakı dövrdə millətimiz üçün bütün cənub sərhədlərimiz və xalqımızın təhlükəsizliyini təmin edəcək yeni müjdələrimiz olacaq”.
Bu müjdə Suriyada PKK-ya qarşı irimiqyaslı əməliyyat ola bilərmi? İraqla sərhədimizdə davam edən “Pəncə-Kilid” əməliyyatında kilid tamamlanacaq və PKK bölgədən tamamilə çıxarılacaqmı?
Niyə olmasın? Öcalana çağırışa müqavimət göstərən Qəndilə yaxşı bir dərs olardı.
Selvinin fikrincə, qarşıda Türkiyəni həm daxili, həm də xarici siyasət baxımından mühüm bir mərhələ gözləyir:
“Gələn həftə tam fərqli bir gündəmimiz olacaq. Bunu sadəcə söz xatirinə demirəm”.