7 Noyabr 14:18
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın Rusiya-Ukrayna münaqişəsində birinci tərəfə hərbi təstək nümayiş etdirməsi bu il Moskva ilə imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik barədə müqavilənin 4-cü bəndinə əsasən gerçəkləşib. Burada beynəlxalq hüquqa zidd heç bir presedent yoxdur. Tərəflər məlum müqavilənin şərtlərinə əsasən, bir-birilərinə hərbi dəstəklə bağlı öhdəliklər götürüblər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Rusiyanın müraciətinə əsasən rəsmi Pxenyanın qəbul etdiyi qərar kollektiv Qərbin yeni dünya nizamı ilə bağlı geosiyasi maraqlarına adekvat olaraq atılıb:

“Təxminən 1 milyon 325 minlik orduya malik Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatların aparılması üçün 10-12 minlik hərbi kontingentə ciddi bir ehtiyacı yoxdur. Amma bu qərar getdikcə açıq şəkildə Rusiya və Qlobal Cənubu təhdid edən kollektiv Qərbi durdurmaq, onun dünyanın təhlükəsizlik arxitekturası ilə bağlı bəlli addımları atmaqdan çəkindirmək zərurətindən irəli gəlib. Əvvəla, Şimali Koreyanın hərbi kontingenti say etibarı ilə Çin, ABŞ, Rusiya və Hindistandan sonra dünyanın 5-ci hərbi gücüdür. Onun 1 milyon 225 mindən yuxarı silahlı qüvvəsi var. Digər tərəfdən Pxenyan nüvə silahına malik dövlətdir. Onun bu günlərdə sınaqdan çıxardığı ballistik, qitələrarası raketin hədəfləri vurmaq qabiliyyəti 15 min km dən artıqdır. Bu da ABŞ ərazisində istənilən hərbi, enerji və digər infrastrukturların vurulması və məhv edilməsi üçün kifayətdir. ABŞ-nin Tayvanı müdafiə edib, Çinin ada üzərində suveren hüquqlarını təhdid etməsi nəzərə alınarsa, kollektiv Qərb tərəfindən rəsmi Pekinin Cənub-Şərqi Asiyada maraqları üçün perspektivdə ciddi təhlükənin artacağı təqdirdə, Pekinin Moskva-Pxenyan alyansını müdafiə edəcəyi birmənalıdır.

Çünki ABŞ-nin təhriki ilə Cənubi Koreya və Yaponiyanın Cənub Şərqi Asiyada öz hərbi arsenalını artırması Pekini özünün təhlükəsizlik maraqlarından çıxış edərək, adekvat addımlar atmaq zərurəti qarşısında qoya bilər”.

Ekspert əlavə edib ki, Ukraynanın Rusiyaya qarşı savaşı onsuz da 60 ölkənin dəstəyi ilə apardığı bəllidir:

“Kollektiv Qərb və Şimal Alyansı əslində Ukraynanın tərəfində Rusiyaya qarşı aparılan savaşın bilavasitə iştirakçısıdır. Rusiyanın nəhəng nüvə silahı Qərbi açıq şəkildə ona qarşı savaşmaqdan çəkindirir. Amma kəşfiyyat məlumatları göstərir ki, Ukrayna savaşında Rusiyaya qarşı vuruşanlar heç də könüllülər və ya muzdlular deyillər. Burada söhbət NATO-nun yüksək səriştəli mütəxəssislərindən gedir. Odur ki, Qərbdə bəlli dairələrin Koreya faktoru ətrafında siyasi şou və ya qalmaqal salmaq istəyi daha çox Şimal Alyansının və kollektiv Qərbin beynəlxalq hüququ kobud şəkildə pozaraq, Ukraynanın yanında müharibə aparması faktorunun ört basdır edilməsinə yönəlib”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər