7 Noyabr 16:04
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın iqtisadi komandasının bu günə qədər ən azından açıqladığı hədəflərdə ABŞ iqtisadiyyatını gücləndirmək və istehsalı Amerikaya qaytarmaq üçün müxtəlif tədbirlər planı var.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu planın içərisində vergi endirimləri, başqa ölkələrdən idxal olunan məhsullara gömrük rüsumlarının artırılması məsələsi, daha ucuz neft, enerji daşıyıcıları strategiyası var:

“Tarixən ucuz neft Amerika iqtisadiyyatının canlanmasına səbəb olub. Çünki Amerika obrazlı desək, benzin ölkəsidir. Ona görə də benzin qiymətinin düşməsi Amerika iqtisadiyyatını canlandıran əsas amillərdən biri hesab olunur”.

Natiq Cəfərli Trampın ucuz dollar siyasətinə də münasibət bildirib:

“Dollar indeksinin başqa valyutalara qarşı ucuzlaşması Amerika istehsalçılarına dəstək olaraq görür. Amerikada istehsal və ixrac məhsulları daha sərfəli hala gələcək. Bu nöqteyi-nəzərdən belə strategiyası mövcuddur. Federal ehtiyat sisteminin uçot dərəcəsinin aşağı çəkilməsinə doğru, çox güman, basqılar quracaq.
Çünki Amerika daha ucuz kreditləşmə istəyir ki, istehsalçılara kreditləşmə yolu ilə yeni zavodlar, fabriklər, yeni iş yerləri yaratsınlar. Dünya iqtisadiyyatında bu tip addımların atılmasını gözlənilir. Bunun da dünya ölkələrinə təsiri olacaq. Amma buna da zaman lazımdır. Bu o demək deyil ki, gələn il yanvarın 20-də Tramp and içib öz səlahiyyətlərini icra edəndən dərhal sonra bütün bu addımlar atılacaq”.

Natiq Cəfərli qeyd edib ki, dollar indeksi zamanla aşağı düşə bilər:

“Dünyada dollar digər valyutalara nisbətdə bahalaşdı. Çünki dünya iqtisadiyyatı, birjaları belə anladılar ki, Amerika iqtisadiyyatı güclənəcək və dollar daha rəğbətlə qarşılanacaq. Zamanla dollar indeksi aşağı düşə bilər. Başqa aparıcı valyutalara, o cümlədən avro, frank, funt-sterlinqə, Çin yuanına qarşı orta və uzunmüddətli perspektivdə ucuzlaşacağını proqnazlaşmaq olar.

Çünki istehsalı stimullaşdırmaq üçün dolların çox baha olması Amerika iqtisadiyyatına zərərlidir. Ona görə dollar indeksinin aşağı çəkilməsi yollarını Trampın komandası çox güman ki, axtarıb tapacaq”.

Ekspert vurğulayıb ki, neftin ucuzlaşması istehsalçı ölkələrin iqtisadiyyatına mənfi təsir edəcək:

“Dünya bazarında neftin ucuzlaşması istehlakçı dövlətlərə təsiri olacaq. Məsələn, Avropa Birliyi, Yaponiya, Avstraliya, Türkiyə və sair istehlakçı ölkələr olduğu üçün onlara xeyri dəyəcək. Amma neft istehsalçılarına, o cümlədən ərəb ölkələri, Azərbaycan, Rusiya, Qazaxıstan kimi ərazilərə mənfi təsir edəcək”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər