Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyaya rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə Prezidentin rumıniyalı həmkarı Klaus Yohannis, Baş nazir Viktor Ponta, hökumət nümayəndələri ilə görüşləri keçirilib.
Mətbuat konfransında Prezident Klaus Yohannis bildirib ki, Rumıniya Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyir və bununla hər iki tərəf iqtisadi əməkdaşlıqdan tutmuş regional sabitliyə qədər yalnız qazanc əldə edə bilər. Rumıniya Prezidenti qeyd edib ki, hər iki ölkə əməkdaşlığı Qafqaz və Mərkəzi Asiya bazarlarında həyata keçirilən iqtisadi layihələrdə iştirak edərək genişləndirmək istəyir.
Prezident Rəcəb Tayyib Ərdoğan Rumıniyanın Türkiyəyə verdiyi dəstəyə görə təşəkkürünü bildirərək gələcəkdə bu dəstəyin daha da artacağına inandığını bildirib.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan rəsmi sənədlər imzalanıb, vizaların aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb, Rumıniya və Türkiyəni birləşdirən enerji kabeli layihəsinin müzakirəsi olub.