İordaniyada, Ölü dənizin sahillərində Yaxın Şərq və Şimali Afrikaya dair Ümumdünya İqtisadi Forumu keçirilib.
İordaniya Haşimilər Krallığının Kralı II Abdullanın hamiliyi ilə keçirilən forumun açılışında dünyanın 50-dən çox ölkəsindən mindən çox dövlət və ictimai xadim, iş adamı iştirak edib.
Azərbaycan Respublikasını forumda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edib.
İordaniya Kralı II Abdulla forumun rəsmi açılış mərasimində çıxışında bildirib ki, regional böhranın ölkəsinin inkişafı yolunda əngələ çevrilməsinə imkan verməyəcək. Onun sözlərinə görə, İordaniyanın coğrafi baxımdan kiçik ölkə olsa, burada unikal investisiya imkanları var.
Forum çərçivəsində Yaxın Şərq və Şimali Afrika regionları ölkələrinin inkişafı, onların arasında əməkdaşlığın genişlənməsi, dövlət və özəl iqtisadi sektorlar arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, əlverişli investisiya mühitinin yaradılması perspektivləri, habelə bu ölkələrin iqtisadiyyatlarının daha sıx inteqrasiya imkanlarının yaradılmasına imkan verən digər məsələlər müzakirə olunub.
Forumun yekunlarına görə, bir sıra investisiya sazişləri imzalanın və təqribən 7 milyard dollar məbləğində investisiya layihələrinin həyata keçirilməsinə start verilib. İordaniya 20 milyard dollar məbləğində yeni investisiya imkanlarını da elan edib. Həmin investisiyaları yaxın 10 ildə iqtisadiyyatın müxtəlif sektorlarına cəlb etmək planlaşdırılır.