Rusiya prezidenti Vladimir Putin İtaliyaya səfəri ərəfəsində bu ölkənin “Corriera Della Sera” qəzetinə geniş müsahibə verib.
Putin ABŞ-la Rusiya arasında getdikcə qızışan çəkişmədən, Ukraynadan və digər məsələlərdən danışıb.
“Belə fikirlər dolaşır ki, Rusiya özünü Avropa tərəfindən atılmış məşuq kimi hiss edir, sanki məşuqə öz məşuqunu atıb. Bu gün münasibətlərdə nə baş verir? Siz hesab edirsiniz ki, Ukrayna böhranında Avropa Birləşmiş Ştatlardan həddən artıq asılı oldu?”-jurnalist sual edib.
“Biz heç vaxt Avropaya məşuqə kimi baxmamışıq. Mən indi bunu tamamilə ciddi deyirəm”-Putin cavab verib. Rusiya prezidenti əlavə edib ki, onlar avropalılara həmişə ciddi münasibət təklif ediblər. İndi isə belə təəsürat yaranır ki, Avropa Rusiya ilə münasibətlərini ancaq maddi əsasda qururdu, özü də öz xeyrinə.
“Bura bizim postsovet məkanında inteqrasion birliklərə dair hərəkətlərimizə göstərilən reaksiyalar da daxildir. Mən indi Avrasiya İttifaqına çevrilmiş Gömrük İttifaqını nəzərdə tuturam. Avropa inteqrasiya edəndə bu normal olur, ancaq biz postsovet məkanında həmin şeyi etməyə çalışsaq bunu Rusiyanın hansısa imperiyanı bərpa etmək səyləri ilə izah edirlər. Niyə belə yanaşmadır, mən anlamıram”-Putin deyib.
Rusiya prezidenti Ukrayna ətrafında böhranın da məhz bu səbəbdən başladığını xatırladıb. Deyib ki, keçmiş prezident Yanukoviç Avropa İttifaqı ilə sazişin imzalanmasını təxirə salan kimi ABŞ və Avropanın fəal dəstəyi ilə onu devirdilər. “Yeni hakimiyyət Avropa ilə sazişi imzaladı, ancaq dərhal onu 2016-cı ilin yanvarına qədər təxirə saldı. Sual yaranır: o zaman çevriliş nəyə lazım idi? Nəyə görə ölkəni vətəndaş müharibəsinə sürüklədilər? Axı nəticə eyni oldu”-Putin bildirib.
Rusiya prezidenti deyib ki, onun ölkəsi ancaq təhdidlərə cavab verməyə çalışır. Özü heç kimi təhdid etmir. O, ABŞ-ın dünyada ən böyük hərbi güc olduğunu xatırladıb. Deyib ki, ABŞ-ın hərbi xərcləri dünyanın bütün qalan ölkələrinin hərbi xərclərinin cəmindən çoxdur. NATO-nun hərbi xərcləri isə Rusiyanın hərbi xərclərini 10 dəfə üstələyir. Rusiyanın xaricdə hərbi bazaları praktiki olaraq yoxdur. ABŞ-ın isə dünyanın az qala hər yerində bazaları var.
“Mənə hərdən sual verirlər ki, sizin təyyarələriniz niyə haradasa uzaqlarda uçur. Strateji təyinatlı təyyarələrlə patrul uçuşlarını ancaq iki ölkə-ABŞ və SSRİ həyata keçirirdi. Hələ soyuq müharibə dövründən. Biz 90-cı illərin əvvəllərindən bu uçuşları dayandırdıq. Bizim amerikalı dostlarımız isə sərhədlərimiz boyu uçmaqda davam etdilər. Niyə? Bir neçə il əvvəl biz də bu uçuşları bərpa etdik. Və indi siz demək istəyirsiniz ki, biz özümüzü aqressiv aparırıq?”-Putin bildirib.
Rusiya prezidenti onu da deyib ki, Norveç sahillərində Amerikanın atom sualtı qayıqları daimi növbə çəkir. Bu qayıqlardan raket buraxılsa Moskvaya cəmi 17 dəqiqəyə çatacaq. “Ancaq biz Kubadan bazalarımızı çoxdan yığışdırmışıq. İndi sizə demək istəyirsiniz ki, biz özümüzü aqressiv aparırıq?”-Rusiya prezidenti təkrar sual edib.