7 Aprel 2014 15:32
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Əmrullah İşler avqustda keçiriləcək prezident seçkisi barədə olan fikirlərini bölüşüb.

Türkiyənin “Hürriyet” qəzeti xəbər verir ki, İşlər baş nazir Ərdoğanın namizədlik barədə qərarını qarşıdakı günlərdə açıqlayacağını, onun seçkilərdə iştirak edəcəyi təqdirdə isə 50% səs yığacağını iddia edib. O, prezident Abdullah Gülün baş nazir olub-olmayacağı barədə də suala cavab verib. Baş nazirin müavini, millət vəkili olmadığı üçün Abdullah Gülün seçki başa çatan kimi baş nazir olmasının mümkün olmayacağını vurğulayıb.

“Hesab edirəm ki, prezidentimiz millət vəkili olmadığı üçün bu səlahiyyətləri icra edə bilməz. Bu texniki olaraq da mümkün deyil. Qarşımızda iki yol var. Bayburt modeli və ya vaxtından əvvəl seçki. Abdullah Gül vaxtından əvvəl keçirilən qurultayla partiyanın rəhbəri də ola bilər. Amma bütün bunlar barədə dəqiq məlumatlar prezidentimizlə baş nazirimiz arasında keçirilən görüşdən sonra məlum olacaq”.- deyə İşler bildirib.

Xatırladaq ki, 2002-ci ildə AKP-nin təkbaşına hakimiyyətə gəlməsindən bir müddət sonra həbsdən çıxan Rəcəb Tayyib Ərdoğanın millət vəkili olmasının qarşısındakı maneə ləğv olunmuş, Siirt millət vəkili istefa vermiş, 2003-cü ilin mart ayında keçirilən seçki ilə Siirtdən namizəd olan Ərdoğan millət vəkili və daha sonra baş nazir olmuşdu.

Baş nazirin müavini “Bayburt modeli” deyərkən prezident Abdullah Gülün Bayburtdan millət vəkili və daha sonra baş nazir ola biləcəyinin işarəsini verib.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi isə Türkiyədə kimin prezident olacağının məlum olduğunu bildirib: “Türkiyədə kimin prezident olacağı məlumdur. Millət 30 mart seçkisində bunu işarə etdi”. O, həmçinin, Türkiyədə yeni bir sistemə, yeni konstitusiyaya ehtiyacın olduğunu da vurğulayıb.

Zeybəkçi Ərdoğan və partiyasının 30 mart bələdiyyə seçkisində qazandığı qələbəyə xatırladaraq millətin kimin prezident olmasına qərar verdiyini deyib.

“Millət 30 mart bələdiyyə seçkilərində işarəni verdi. Prezidentin kim olmasının işarəsini də, prezidentin adını da bu millət dedi. Prezidentin kim olduğu aydındır. Partiya böyüklərimiz adı açıqlayacaqlar”.

Qeyd edək ki, Türkiyədə avqust ayında keçiriləcək ilk prezident seçkisi üçün indidən qızğın müzakirələr və mübahisələr başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər