7 Sentyabr 2015 19:03
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən həftə Özbəkistan hökuməti ölkədə siyasi elmlərin tədris olunmasına qadağan qoyulması barədə qərar verib. Səbəb kimi isə Qərbin “yalançı elmi”nin “Özbək modeli”ni nəzərə almaması göstərilib, The Guardian xəbər verir.

24 Avqustda verilmiş fərmana görə, Təhsil naziri Alişer Vaxabov “siyasi elmlər”i fənn adı kimi ləğv etmək qərarını verib və fənnin adı dəyişilərək bundan sonra “Özbəkistanda Demokratik Cəmiyyət Qurulması nəzəriyyəsi və təcrübəsi” adlanacaq.

Əvvəllər Özbəkistan Milli Universitetində dərs demiş və indi müstəqil təhsil və araşdırma instituna rəhbərlik edən, siyasi elmlər üzrə mütəxəssis Farxad Tolipov bildirir ki, bu qərar siyasi elmləri akademik fənn kimi qadağan edir.

Tolipov hökümətə yazdığı açıq məktubunda, bu qərarın Sovet dövründə siyasi elmlərin “psevdo-elmlər” siyahısına salınmasına bənzədiyini və qərarın “fəndən heç bir təcrübi anlayışı olmayan” mühafizəkar rəsmilər tərəfindən tövsiyyə edildiyini bildirib.

Özbəkistan vətəndaşı, Ferghana.ru Mərkəzi Asiya xəbər saytının redaktoru Daniil Kislov, deyir ki, siyasi elmlərə yeni qadağa Özbəkistanda avtoritarizm meyllərinin geniş vüsət alması fonunda baş verir.

“Siyasi elmlər siyasi mübarizənin əsaslarını öyrənir, lakin artıq uzun müddətdir ki, siyasi mübarizə yoxdur,” Kislov qeyd edir. “Burada siyasi müzakirə yoxdur, buna görə də heç bir elmlə məşğul olan şəxs bu fənnin öyrənilməsi ilə Kərimovun işlərinə qarışmaq istəmir”.

Siyasi elmlər Özbəkistanda 2010-cu ildən başlayaraq təzyiqlərə məruz qalıb, belə ki, həmin il universitetlər bu fənn üzrə tələbə qəbulunu dayandırmışdı.

Ölkə prezidenti 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan bəri ölkəyə başçılıq edən İslam Kərimovdur.


Müəllif:

Oxşar xəbərlər