Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri dünyanın “qaynar nöqtə”lərində mümkün sülhməramlı əməliyyatlara hazır olmalıdırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu KTMT-in baş katibi Nikolay Bordyuja deyib.
“Vəziyyət hazırda bütün istiqamətlərdə gərginləşib. Və artıq bu gün aydın görünür ki, hazırda dünyada olan bir çox “qaynar nöqtələr”ə sülhməramlı qüvvələr cəlb edilməlidir. Məhz buna görə, KTMT Kollektiv Sülhməramlı Qüvvələri tərəfindən praktiki döyüş tapşırıqlarının yerinə yetirilməsi mümkün əməliyyatlara hazırlıqdır. Düşünmürəm ki, onlar yaxın gələcəkdə baş tutacaq, lakin, istənilən halda, KTMT sülhməramlı qüvvələrin tətbiq edilməsinə hazır olmalıdır”, deyə təşkilatın məlumatında bildirilir.
Qeyd edək ki, Nikolay Bordyuja Ermənistanda “Marşal Bağramyan” poliqonunda sentyabrın 30-dan davam edən KTMT sülhməramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2015” təlimlərini izləyir.
KTMT Kollektiv Sülhməramlı Qüvvələri təlim zamanı Qafqaz regionunda sülhün təmin edilməsi üzrə şərti əməliyyatlar keçirirlər.