"Soyuqqanlı davranaraq, Rusiya ilə əlaqələrimizi bərpa etməyə çalışacağıq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın TASS agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyalardan hər iki ölkə zərər çəkəcək: "Mövcud gərginliyi artırmaq əvəzinə, soyuqqanlı bir tərzdə əlaqələrimizi təkrar bərpa etməliyik. Kənar müdaxilələrdən yayınmalıyıq. İki ölkə arasında dostluq və qonşuluq siyasəti bərpa edilməlidir. Sanksiyalar Rusiya və Türkiyəyə kifayət qədər ciddi ziyan vura bilər. Buna görə də sanksiyalar qaldırılmalıdır. Gərginliyi müzakirələrlə azaltmağa çalışmaq lazımdır. Rusiyalı rəsmiləri masa arxasına dəvət edirik".
Çavuşoğlu qeyd edib ki, Türkiyənin İŞİD-dən neft alması ilə bağlı bütün iddialar yalandır: "Bu cür iddialar gərginliyi artırmağa xidmət edir. Türkiyə İŞİD-ə qarşı mübarizə aparır. İŞİD-dən neft alınması qeyri-mümkündür".
Bu arada, Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşko Alyasın Türkiyə hava məkanının təhlükəsizliyini gücləndirməsinə kəskin münasibət bildirib. O deyib ki, Türkiyənin NATO vasitəsilə Rusiyanı basqı altında saxlaması İŞİD-ə qarşı mübarizə üçün yarana biləcək beynəlxalq koalisiyaya əngəl törədə bilər. Qruşkonun fikrincə, bu addım Rusiya-Türkiyə münasibətlərinin daha da gərginləşməsi ilə nəticələnəcək.
Qeyd edək ki, Ankara-Moskva münasibətləri Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24-ün vurulmasından sonra gərginləşib. Türkiyə Rusiyanı hava sərhədlərini pozmaqda ittiham edib və təyyarənin vurulmasına səbəb kimi bunu göstərir. Rusiya isə təyyarənin Suriya sərhədində vurulduğunu iddia edir.
Samir