Spiker: “Azərbaycan və türkmən xalqlarını bir çox ortaq dəyərlər birləşdirir”
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Türkmənistanın daimi bitərəfliyinin 20 illiyinə həsr edilmiş “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” adlı konfransda iştirak etmək üçün bu ölkənin paytaxtı Aşqabadda səfərdə olub. Teleqraf.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Aşqabaddakı “Bitərəflik” monumentini ziyarət ediblər. Sonra Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə rəsmi şəxslərin salamlaşma mərasimi keçirilib.
Konfransda Türkmənistan prezidenti çıxış edərək bildirib ki, artıq 20 ildir ölkəsi bitərəf dövlət statusunu saxlamaqla əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. O, çıxışında bir çox ölkələrlə əməkdaşlığın müxtəlif cəhətlərinə toxunub, bitərəfliyin 20 illik yubileyinə həsr olunan konfransa qatılan iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Parlamentin sədri Oqtay Əsədov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və təbriklərini, eləcə də Türkmənistan xalqına və dövlətinə ən xoş arzularını çatdırıb. Bildirilib ki, konfransda aparılan fikir mübadiləsi və müzakirələr qardaş Türkmənistanın son 20 ildə keçdiyi inkişaf yoluna nəzərə salmağa imkan verəcək və bitərəflik siyasəti yolunda qazandığı təcrübəni dərindən öyrənməyə kömək göstərəcək.
Oqtay Əsədov vurğulayıb ki, bitərəflik statusu dövlətlərin uğurlu müstəqil inkişafının təminatçısı və səmərəli xarici siyasət modeli olduğunu artıq sübuta yetirib. Bu statusun əsas prinsipləri onu beynəlxalq təhlükəsizlik sisteminin mühüm elementinə çevirib. Türkmənistan dünyada yeganə dövlətdir ki, onun bitərəflik statusu BMT Baş Məclisinin 1995-ci il 12 dekabr tarixli qətnaməsi ilə bəyənilib və təsdiq edilib. Bu tarixi seçim Türkmənistana öz xarici siyasət strategiyasının əsas məzmununu və istiqamətini müəyyənləşdirməyə, xarici dövlətlər ilə bərabərhüquqlu münasibətlər qurmağa imkan verib. Türkmənistanın bitərəflik potensialı bölgədə sülh və sabitliyin qorunmasının, konstruktiv dialoq və tərəfdaşlığın təmin edilməsinin ən vacib amillərindən birini təşkil edir.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin qədim və zəngin tarixi var. Azərbaycan və türkmən xalqlarını bir çox ortaq dəyərlər birləşdirir. Bunlar ilk növbədə xalqlarımızın eyni köklərə bağlı olmasıdır. Ötən əsrin sonlarında Azərbaycan və Türkmənistan müstəqilliklərini bərpa etdikdən sonra xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etməsi üçün tamamilə yeni şərait yaranıb. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkələrimiz bu gün müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edirlər. Prezidentlər İlham Əliyev ilə Qurbanqulu Berdiməhəmmədovun fəal siyasi təmasları Azərbaycan–Türkmənistan əlaqələrinin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlər də yaxından iştirak edirlər.
Sədr daha sonra söyləyib ki, bizim ölkələrimiz bütün sahələrdə çox böyük potensiala malikdirlər. Biz dünyanın iki böyük regionunu Xəzər dənizi vasitəsi ilə birləşdirən bir məkanda yerləşirik. Bizim aramızda birlik və həmrəylik nə qədər möhkəm, əməkdaşlıq və tərəfdaşlıq nə qədər dərin olarsa, bu regionlarda sülh, sabitlik və inkişaf da o qədər möhkəm və davamlı olar.
Çıxışının sonunda spiker Türkmənistan prezidentini və türkmən xalqını bir daha bitərəflik bayramı və yubileyi münasibətilə ürəkdən təbrik edib, onlara sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Digər çıxışlarda da vurğulanıb ki, bitərəflik statusu beynəlxalq maliyyə və sənaye qurumlarının Türkmənistana etibarını və ölkə iqtisadiyyatının xarici investisiyalar üçün cazibədarlığını artırıb. Zəngin karbohidrogen ehtiyatlarından və digər təbii ehtiyatlardan səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Türkmənistan əhalisinin firavan yaşayışını və rifahını təmin edir.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri olub.
Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər iştirak ediblər.
Nemət