5 Yanvar 2016 10:55
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanı və İran arasında gərginliyi müzakirə edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, müzakirələrin sonunda şura üzvləri birgə bəyanat yayıb.

Sənəddə bildirilir ki, iki ölkə arasında gərginliyi aradan qaldırmaq üçün dialoq vacibdir: "Səudiyyə Ərəbistanının İrandakı konsulluğuna və səfirliyinə hücum zamanı diplomatik binalara ciddi ziyan dəyib. Biz hər iki tərəfi regionda gərginliyi azaltmaq üçün addımlar atmağa və dialoqu dəstəkləməyə çağırırıq".

Bəyanatda həmçinin, Vyana konvensiyasına əsasən, diplomatik və konsul müəssisələrinin təhlükəsizliyinin qorunması və toxunulmazlığı prinsipləri qeyd edilib.

ABŞ da öz növbəsində məsələ ilə bağlı narahatlığını bildirib. Ağ Evin sözçüsü Coş Ernest tərəfləri təmkinli davranmağa çağırıb: "Səudiyyə və İran arasındakı gərginlik bölgədəki vəziyyəti daha da qəlizləşdirə bilər. Hər iki ölkə münasibətlərin tezliklə normallaşması üçün addımlar atmalıdır".

Ernest bildirib ki, İran diplomatik nümayəndəlikləri qorumaq məsələsində uğursuzdur: "Səudiyyə də öz növbəsində insan haqları mövzusunda bacarıqsızdır. Bu, ABŞ prezidenti Barak Obama ilə Kral Salman arasındakı görüşdə də əsas müzakirə məsələsi olub".

Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi aralarında şiə alimi Nimr ən-Nimranın da olduğu 47 nəfərin edam edildiyini açıqlayıb. Hadisə İranda kütləvi aksiyalarla qarşılanıb. Etirazlar zamanı Səudiyyənin Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum olub.

Samir


Müəllif: