“Amnesty International” təşkilatı Rusiyanı “son bir neçə on il üzrə ən dəhşətli hərbi cinayətlərə” görə günahlandırıb.
ANS PRESS-in məlumatına görə, təşkilatın nümayəndəsi bu barədə bəyanatı “Sky” telekanalına müsahibəsi zamanı səsləndirib.
“Amnesty International” təşkilatının rəhbərlərindən biri olan Tirana Hassan “Sky News”a bildirib ki, təşkilatın əlində Rusiya və Suriya aviasiyasının məktəblərə, xəstəxanalara və yaşayış evlərinə zərbələrinin sənədli sübutları var. Həmin obyektlər bəşər Əsədin düşmənlərinin nəzarətində olub.
Hassanın sözlərinə görə, mülki obyektlərin bombalanması hərbi cinayət sayılır. Amma “Amnesty International” təmsilçisinin fikrincə, dəhşətlisi odur ki, təyyarələr uzaqlaşıb yenidən qayıdırlar və ikinci dəfə hücum edirlər. Həmin dəqiqələrdə isə bombardman ərazisində zərər çəkənləri və yaralıları xilas etməyə gələn təcili yardım xidmətinin əməkdaşları olur. Nəticədə həmin əməkdaşlar da ölürlər.
Hassan sözlərinin təsdiqi kimi “Sky”ya Hələb şəhərinin yaşayış məhəlləsinin bombardman edilməsinin videotəsvirini təqdim edib. Bombarman zamanı həlak olanlar arasında körpə uşaq da olub. O, aviazərbənin məhz Rusiya hərbi təyyarəsi tərəfindən edildiyini vurğulayıb.
“Amnesty International” dəfələrlə Rusiya hərbçilərinin ünvanına ittiham dolu çıxışlar səsləndirib. Belə ki, 2015-ci il dekabrın 23-də təşkilatın dərc etdiyi sənəddə bildirilir ki, Rusiya təyyarələri məscid və bazarları bombalayıb.
Rusiya tərəfi isə bunu təkzib edir. Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov bildirib ki, “Amnesty International”ın dekabr məruzəsi “feyk və ştamp”lardan ibarətdir.