Misirin təhlükəsizlik qüvvələri Qahirədə polisə qarşı planlaşdırılmış iri terror aktının qarşısını alıblar.
Misir KİV-ləri təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla xəbər verir ki, paytaxtın Əl-Qiza rayonunda içərisində partlayıcı maddə olan “Hunday” markalı iki avtomobil polis tərəfindən zərərsizləşdirilib. İki naməlum şəxs həmin avtomobillərin köməyi ilə polis məntəqəsini partlatmağı planlaşdırıbmış. Hər iki avtomaşının yük yerlərində tutumu 50 litrə bərabər olan və korpusunda güclü partladıcı qurğu yerləşdirilmiş su qızdırıcıları aşkar edilib. Terrorçular bu qurğunu sürücünün oturacaq yerindən işə salmalı idilər.
Partladıcı qurğunun zərərsizləşdirilməsi əməliyyatının gedişində yaxınlıqdakı üç evin sakinləri təxliyə edilib, ərazi polis tərəfindən mühasirəyə alınıb. Hazırda istintaq tədbirləri görülür.