7 Aprel 2016 11:29
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Star" qəzeti son günlər Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginliklə bağlı təhlil hazırlayıb.

Teleqraf.com xəbər verir ki, nəşr bu gərginliyə səbəb kimi Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin uğurla həyata keçirilməsini göstərib:

"Qafqaz bölgəsində və Xəzərdə zəngin ehtiyatların Avropaya daşınmasını nəzərdə tutan TANAP layihəsinə görə Xəzərdən Türkiyəyə 2018-ci ilə qədər ildə 16 milyard, 2026-cı ilə qədər isə 31 milyard kubmetr qaz axacaq. Bunun 6 milyardı Türkiyəyə, qalanı Avropaya gedəcək. Türkiyənin Yaxın Şərqdəki 3 vacib qaz layihəsi İŞİD və PYD terrorçuları səbəbindən yubanır. Qafqazdakı TANAP layihəsinin yerinə yetirildiyi bir dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gərginlik yaranıb".

Qəzet bu məsələ ilə əlaqədar Beynəlxalq Enerji İqtisadi Birliyinin rəhbəri professor Gürkan Kumbaroğlunun fikirlərini bölüşüb.

Kumbaroğlu Azərbaycan qazının TANAP ilə Türkiyədən keçərək, Avropaya getməsi ilə Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinin əlaqəli olduğunu deyib: "Şimali Qafqazdakı boru xətləri Azərbaycan və Gürcüstanın gəlirlərini artırır, Ermənistan isə bu məsələdə kənarda qalır. Bu, Qafqazdakı gərginlikdə Ermənistan üçün tək səbəb oldu. TANAP layihəsi Avropanın Rusiyanın enerji asılılığından çıxmasına və qiymətlərin düşməsinə gətirib çıxaracaq. Toqquşma TANAP-ın keçəcəyi marşruta sıçrasa, bu zaman məsələyə Rusiya və Türkiyə də qoşula bilər".

Sakarya Universitetinin professoru Əbubəkr Sofuoğlu isə məsələdə birbaşa Rusiyanı günahlandırıb: "Rusiya Ermənistan və Azərbaycan liderləri ilə görüşüb, atəşkəsi bərpa etdi. Atəşkəs elan edilməsəydi, Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad edəcək və Türkiyə ilə Azərbaycan arasında Qazaxıstana kimi uzanan türk dünyası koridorunu açacaqdı. Rusiya həm bu koridorun açılmaması, həm də Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməməsi üçün təcili atəşkəsə nail olmağa çalışdı ".

Samir


Müəllif:

Oxşar xəbərlər