Banqladeşdə hindu keşiş öldürülüb. Güman edilir ki, onu islamçı silahlılar qətlə yetiriblər.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 70 yaşlı Ananda Gopal Ganguly-nın cəsədi onun xidmət çəkdiyi hindu kilsəsinin yaxınlığında tapılıb. Hadisə qərbi Jhenaidah dairəsində baş verib.
Cəsəd, baş bədəndən az qala ayrılmış vəziyyətdə aşkar olunub. Başqa bir hadisədə isə, islamçılara qarşı aparılmış polis əməliyyatı zamanı 3 islamçı öldürlüb.
Qadağan olunmuş Camaat-ül-Mücahidin Bangladeş (JMB) təşkilatının üzvü olduqları zənn edilən iki nəfər Dhaka şəhərində polis reydi zamanı güllələnib. 3-cü şəxs isə qərbdə yerləşən Raşahi dairəsində öldürülüb.
Ananda Gopal Ganguly son iki gündə həyata keçirilmiş, bir-birinə bənzər hücumlarda öldürülmüş sayca üçüncü şəxsdir. Polis rəisinin müavini Gopinath Kanjilal AFP xəbər agentliyinə bildirib ki, səhər evindən kilsəsinə çıxıb gedən keşişin "düyü əkini tarlasında başı bədənindən az qala ayrılmış halda ölüsü tapılıb".
Heç bir qrup bu qətlə görə məsuliyyəti üzərinə götürməyib. Bazar günü yüksək rütbəli polis zabitinin arvadı və xristian biznesmen öldürülüblər. Polisin bildirdiyinə görə, ötən ilin yanvar ayından başlayan hücüm dalğasında, ekstremistlərin fikrincə "İslamı təhqir edən" 40 nəfər öldürülüb.
Hökümət iddia edir ki, özünü "İslam Dövləti" adlandıran qruplaşma Banqladeşdə mövcud deyil, və hücumlara görə məsuliyyəti adətən müxalifətin və yerli silahlı qrupların üzərinə qoyur. Tənqidçilər höküməti Banqladeşdə zorakılığın öhdəsindən gələ bilməməkdə ittiham edirlər.