Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Iqbalnamə’” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov, Boqicon Toxliyevdir.
Ön sözdə professor Şuxrat Siracəddinov Azərbaycan-Özbək ədəbi əlaqələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirmiş, Nizaminin təsiri ilə nəinki Özbək ədəbiyyatının, bütün Şərq ədəbiyyatının inkişafa nail olduğunu və zənginləşdiyini qeyd edir. O, vurğulayır ki, İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmiş, Şərqdə yazılmış Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvainin “Səddi-İsgəndəri” və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yaradılmış əsərlər sırasındadır.
Kitabın tərcüməçisi, Özbəkistanın xalq şairi Camal Kamal girişdə qeyd edir ki, “İqbalnamə” dahi şairin beşinci əsəri “İskəndərnamə”nin ikinci kitabı, Nizami yaradıcılığının dürdənəsidir.
Əsərdə hökmdar İskəndərin filosoflarla söhbəti, onun səyahətləri, İsgəndərin peyğəmbərlik səfərinə çıxması, qəhrəmanın xəstəliyi və ölümü ilə əlaqəli olaraq oxucuya kədərli səhnələr və təbiət səhnələri təqdim edilir, habelə İsgəndərin ölümünü göstərən səhnələr və sonrakı final hissədə filosofların, hətta Nizaminin öz ölümü təsvir edilir.
Kitabın 2018-ci ilin əvvəllərində səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində və Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində, Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.
Təqdimat mərasimindən sonra kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi planlaşdırlır.
Nizami irsinin dünyada tanıdılması və geniş təbliğ etmək məqsədi ilə 2015-ci ildən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi geniş layihəyə - Nizami Gəncəvinin bütün əsərlərinin özbək dilinə tərcüməsi layihəsi işinə start verib. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistanın xalq şairi Camal Kamal arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemaların özbək dilinə tərcümə edilməsi barədə müqavilə imzalanıb.
Artıq şair, tərcüməçi Camal Kamal Nizami Gəncəvinin üç əsərini “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərini özbək dilinə tərcümə edilib və sözügedən əsərlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap edilib.
Hazırda şair, tərcüməçi Nizami Gəncəvinin “Şərəfnamə” əsərini özbəkcəyə tərcüməsi üzərində işləyir. Gələcəkdə “Xosrov və Şirin”, “Yeddi gözəl” əsərlərinin də özbəkcəyə tərcüməsi nəzərdə tutulub.
Qeyd edək ki, hər dəfə Daşkənddə çap olunan Nizami Gəncəvinin kitablarının üz qabığında şairin əsərlərindən ibarət miniatürlər və dahi şairin Azərbaycanda, dünyada mövcud heykəllərinin şəkli verilir.