27 Aprel 2022 22:58
3 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavid Məmmədzadənin hekayəsi...

- Ey Mario! Sənsizləməmişəm, sənsizliyə öyrəşmişəm.

“Dəmir ledi”nin bu cümlədən bədənini titrətmə tutdu. Qarşısındakı kütləyə yellədiyi əli əsə-əsə yanına düşdü. Sonuncu dəfə gözlərinin nə vaxt dolduğu yadına gəlmirdi. “Dəmir ledi”nin gözləri doldu, dodağı səyridi, səsi titrədi. Gözlənilməz sözlərdən boğazı quruyan ledinin bütün bədəni keyləşmişdi, sanki qan dövranı ləngiyirdi. Saçları üzünə iynə kimi toxundu, elə bil katalepsiyası tutmuşdu.

- Məni sakit yerə aparın və tək buraxın, - zəif səslə pıçıldayan Marqarita sözünü bitirər-bitirməz birbaşa iqamətgahına addımladı, otağına keçib ətrafında göz gəzdirdi, sanki itirdiyi sakitliyi buralardaydı – onu axtardı. Başını iki əli arasında sıxıb hönkürtü ilə ağladı. Elə bil gəncliyindən yığılıb-qalmış bütün göz yaşları axmağa başlamışdı, dayanmaq bilmirdi. Dünyanı idarə edən Marqarita “Ey Mario” çağırısının təsirindən sanki özünə olan ixtiyarını da itirmişdi, heç cür sakitləşə bilmirdi.

Bütün dünyanın haqqında danışdığı “Dəmir Ledi” indi bu söz qarşısında aciz qalmışdı. Onu ağladan da bu idi.

Qoca isə o sözlər dilindən çıxan andan insan izdihamının içində heykəl kimi donub qalmışdı.

Ötən illərdə Mario üçün darıxdığı bütün anılar gözlərinin önündən film lenti kimi şütüyüb keçirdi. Gəncliyində gələcəyin baş naziri ilə yaşadığı eşq onillər sonra boğazına kəndi kimi dolanıb onu boğurdu. Amma ağzından qeyri-ixtiyari ağzından çıxmış bu sözlər həm də öləziyən cəsarətini yenidən artırmışdı. Bu cəsarət kütlə içində heykəl kimi donmuş bu qocaya yaraşmasa da, sanki onu təkrar diriltmişdi. Qorxusunun içindən ilan kimi qıvrılıb çıxan kəndiri unudanda ürəyində yenidən alovlanan məhəbbətinin gətirdiyi ilıq xatirələr quş kimi dodaqlarına qondu, gülümsəyirdi. Kütlənin içindən sivişib rom almaq üçün şərab evinə doğru tələsdi.

Tetçer isə göz yaşları içində otağında özünə yer tapa bilmirdi, sağ-sola vargəl edir, düşünürdü. Sanki gənclik xatirələri qarşısında kağız kimi əzilib bir ovuc qalmışdı, illərdir damarında laxtalanmış qan indi axmağa can atırdı. Bədənini əsməcə tutmuşdu. O andan sonra anladı ki, həmişə Marqarita Tetçer ola bilməz – həm də Mariodur. Bu kimlik onu tamamilə dəyişirdi. Bu sözləri deyib, izdiham içində yoxa çıxan qoca nə vaxtsa onu belə adlandırmışdı. Nə vaxtsa, yəni gənclik illərində - bundan çox-çox əvvəllər. Adını belə unutduğu yaşlı bir adam baş nazir Tetçerə həm də bir qadın olduğunu yadına salmışdı. Sanki yaşlı adam qırx il çiyinlərində daşıdığı yükü onun üstünə atıb getmişdi.

Marqarita katibənin masaya qoyduğu qəhvədən bir qurtum içdi, amma udquna bilmədi. Fincanı bir kənara qoyub o yaşlı adama – ötən illərinə məktub yazmağa başladı. Ən qorxunc imperiyalara, dünyanı qanına bələyən tiranlara ultimatum yazan bu əllər indi bir sevgi məktubunun əzəb sözlərinin içində titrəyirdi.

Məktubunda yazırdı: “Siz kimsiniz? Adınızı da xatırlamıram. Siz hansı cürətlə mənə belə xitab edirsiniz? Siz mənim kim olduğumu bilirsinizmi? Mən – Marqarita Tetçer – Böyük Britaniyanın baş naziri. Bu, sizin üçün heç nə ifadə etmirmi?”.

-Yox, - deyib vərəqi cırdı. Amma yeni kağız götürdü və yazmağa başladı:

“Sizi xatırlamadım. Ötən qırx ildə sizi bir dəfə də xatırlamamışam, daha doğrusu düşünməmişəm. Siz kim…”.

-Yox, - deyib vərəqi əzdi.

Başqa bir vərəqdə isə bu sözləri görünməyə başladı:

“Castin – deyəsən, beləydi və mən çox düşündükdən sonra, nəhayət, bu adı xatırladım. Daha səmimi olsam, qırx ildir adınızı ürəyimin sol köşəsində gizlətmişdim. Sizi keçmişimin həsrətində, ruhumda - əcəl zənginin gətirəcəyi əbədiyyətimdə, göz yaşlarımın mənbəyində saxlamışam”.

Tetçer bu yerdə əlini saxlayıb qramofonu qoşdu, Bethoven “Ay işığı”nı ifa etməyə başladı.

Meşə ağacından hazırlanmış ağır masası arxasında əyləşib davam etdi:

“Castin, bundan sonra sizin gözəl yaşamağınız üçün nə lazımdırsa, edəcəyəm. Amma sizdən ricam var, bir daha qarşıma çıxmayın. Çıxsanız da, susun, lütfən, mənə bir daha belə xitab etməyin. Hardasa, nə vaxtsa bu haqda bir kəlmə belə danışsanız, danışmaq bacarığınızı itirəcəksiniz. Bunu hədə kimi yox, soyuq həqiqət kimi qəbul edin”.

Ledi məktubu bitirib, heç nə olmamış qəhvə fincanını əlində divanda əyləşdi, qarşısında bir yığın rəsmi sənəd vardı, tələsik gözdən keçirdi. Tərəddüd etmədən hamısını imzaladı.

İmzaladığı sənədlər arasında illərlə tərəddüd etdiyi dövlət müəssələrinin çoxunun özəlləşdirilməsi də vardı. Bu isə Britaniya iqtisadiyyatı üçün önəmli sənəd idi. Bunu imzalayan isə Marqarita Tetçer yox, həmin günün dalanına dirənib qalan Mario idi.


Müəllif: Teleqraf.com