Hakim “Mənim addımım” bloku “İşıqlı Ermənistan” partiyasının parlament fraksiyası ilə heç bir şərt irəli sürmədən bir memorandum imzalamağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, hakim blokunun deputatı Ruben Rubinyan deyib.
“Bu məntiqsiz və qəbuledilməz bir şərtdir. Baş qərargah rəisinin və müavininin siyasi faktora çevrildiyi ortaya çıxıb. Demokratiya və Konstitusiya baxımından bu qəbuledilməzdir”, - Rubinyan bildirib.
Onun sözlərinə görə, “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan erkən seçkilərin heç bir şərt olmadan keçirilməsinə dair bir memorandum imzalamağa hazır olduğunu desəydi daha məntiqli olardı:
“Hakimiyyət artıq bu vəziyyətdən necə çıxış yolu gördüyünü açıqlayıb. Prezident Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı imzalayır və ya Qasparyanın özü istefa məktubu təqdim edir, bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələrə başlayırıq”.
Qeyd edək ki, Marukyan bundan əvvəl Baş nazir Nikol Paşinyana baş qərargah rəisi Onik Qasparyanın istefası barədə fərmanı geri götürməsini təklif edib.
Marukyan bunun qarşılığında erkən parlament seçkiləri keçirmək üçün Paşinyanın istefasından sonra baş nazir namizədinin irəli sürülməməsi barədə bir memorandum imzalamağa razı olacaq.