29 Aprel 2021 12:39
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan parlamentinə yaxınlaşan erkən seçkilərdə əsas mübarizə iki siyasətçi - hazırkı Baş nazir Nikol Paşinyan və ikinci prezident Robert Köçəryan arasında gedəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Armen Badalyan deyib.

Badalyan qeyd edib ki, erkən seçkilər formal olaraq parlament xarakterli olsa da, əslində, bu, dövlət başçısı seçkisi sayılmalıdır.

“Artıq namizədlərin hər birinin özünün müəyyən seçicilərinin olduğu deyilə bilər. Paşinyanın öz seçki bazası var, əsas rəqibi Köçəryanın da öz seçiciləri. Mübarizədə digər pillələrdə şərti olaraq, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan və “Vətən” partiyasının sədri Artur Vanetsyan dayanacaq”, - ekspert bildirib.

Onun fikrincə, iyunun 20-nə təyin edilmiş seçkilər bir çox cəhətdən Ermənistan üçün taleyüklü sayıla bilər, bu, seçicilərin fəal olacağını göstərir: “Mövcud seçkilər əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək, çünki bu dəfə seçiciləri pulla aldatmaq mümkün olmayacaq.

Əvvəllər maddi maraq əhəmiyyətli rol oynayırdı, amma indi bu amil işə yaramayacaq. Pul var, amma seçiciyə rüşvət vermək heç nəyi dəyişməyəcək. Yeganə yol təsiredici kampaniya aparmaqdır”.

O, ötən illərdə müxtəlif dövrlərdə keçmiş hakimiyyətlərin (Serj Sərkisyan və Robert Köçəryan) cəmiyyəti öz üsulları ilə “tərbiyə” etdiyini, itaətkar vəziyyətə gətirdiyini bildirib: “Vətəndaşlar itaət etməyəndə onlara təzyiq göstərildi, fiziki zorakılıq tətbiq olundu.

İnqilabdan sonra durum dəyişdi. Yeni rəhbərlik bütün cəmiyyəti yox, yalnız müxalifəti “tərbiyə” etdi. Sələflərindən fərqli olaraq zorakılıq və ya iqtisadi təzyiqlərdən yox, “cəmiyyətin dəstəyi”ndən istifadə etdi. Amma Sünikdəki (Zəngəzur) son hadisələr göstərdi ki, bu hökumət də sələflərinin metodlarını mənimsəmək istəyir. Bunu baş nazirin Sünik regional administrasiyasındakı bir iclasda təhlükəsizlik orqanlarına ona söyüş söyən insanlarla məşğul olmaq tapşırığı verdiyi anda gördük”.

Badalyan qarşıdakı seçkilərdə mövcud hökumətin inzibati resurslardan istifadə etməyə cəhd göstərə biləcəyini istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu