12 İyul 2016 01:11
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda 300 subartezian quyusunun qazılması işləri aparılır.

Teleqraf.com-un məlumatına görə, bunu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə iyulun 10-­d­a Azərbaycan Prezidenti İlham Əliyevin­ s­ədrliyi ilə Nazirlər Kabinetinin 2016­-cı­ ilin birinci yarısının sosial-iqtis­adi inkişafının yekunlarına və qarşıda d­uran­ vəzifələrə həsr olunan iclasında d­eyib.

O qeyd edib: “Möhtərəm cənab Prezident. Dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasi xadim, Azərbaycan xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən meliorasiya və su təsərrüfatı potensialının yaradılması, onun inkişafı, aparılan islahatlar və böyük quruculuq işləri bu gün Sizin rəhbərliyiniz ilə uğurla davam etdirilir. Son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmiş, 266 min hektar sahədə suvarılan torpaqların su təminatı, 217 min hektar sahədə isə meliorativ vəziyyət yaxşılaşdırılmış, 43 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1493 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində ölkə iqtisadiyyatının gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına imkan yaranmışdır. İlkin mərhələdə Taxtakörpü su anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir ki, onun 8 min hektarı yeni suvarılan torpaqlardır. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Cari ildə Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər davam etdirilməklə 6200 hektar, o cümlədən 4500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. İki ildə ölkənin şimal zonasında 12 min hektardan çox yeni suvarılan torpaqların istifadəyə verilməsi iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar açır. Eyni zamanda, şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə su verilməsi üçün Caqacuqçay və Qudyalçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi tamamlanmış, Qusarçay çayında isə bu işlər cari ildə başa çatdırılacaq”.

ASC sədri əlavə edib ki, son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarında toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur: “Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin, eləcə də Goranboy rayonunun 26 min hektara yaxın (ondan 8 min hektardan çoxu yeni suvarılan torpaqlardır) torpaq sahələrini suvarma suyu ilə təmin edəcək Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi işlərinə başlanılmışdır. Bu işləri cari ildə davam etdirməklə Goranboy rayonunda 8 min hektar sahəyə, - onun 980 hektarı yeni suvarılan torpaqlardır, - suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə müasir qapalı suvarma şəbəkəsinin tikintisi aparılmaqla 3 min hektar sahə, - ondan 1200 hektara yaxını yeni suvarılan torpaqlardır, - suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, cari ildə Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir və Göygöl rayonlarının 16 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Sizin iştirakınızla cari ildə istifadəyə verilmiş Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, 300 hektar yeni suvarılacaq torpaqlar isə bu il istifadəyə veriləcək.

Ölkəmizdə iri kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə əlaqədar verdiyiniz tapşırıqların icrası olaraq, Şəmkirçay su anbarından “Şəmkir” Aqroparkın 543 hektar, Samur-Abşeron suvarma sistemindən “Yalama” Aqroparkın 523 hektar, Hacıqabul rayonunun 400 hektar, Ağcabədi rayonunun 2100 hektar torpaq sahələri suvarma suyu ilə təmin edilmişdir”.

Ə.Əhmədzadə bildirib ki, cari ildə Neftçala rayonunun 5620 hektar və Ağcabədi rayonunun 3 min hektar yeni suvarılacaq az məhsuldar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması üçün Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdiriləcək: “Sabirabad və Biləsuvar rayonlarında isə 16 min hektar az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlər aparılacaqdır. Pambıqçılıq və taxılçılığın inkişafını təmin etmək üçün Sabirabad, Kürdəmir, Goranboy, Bərdə, Yevlax, Zərdab, Ağcabədi, eləcə də qoşunların təmas xəttində və sərhəd zonalarında yerləşən Füzuli, Qazax, Tovuz və digər rayonlarda 11 min hektar sahədə əkin sahələrinin su təminatı və 4 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq. Sizin müvafiq sərəncamlarınızla ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır. Əhalinin çox rəğbətlə qarşıladığı bu tədbir Sizin sərəncamlarınızla cari ildə davam etdirilir və hazırda 300 subartezian quyusunun qazılması işləri aparılır”.


Müəllif: