17 Yanvar 2017 21:13
3 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Dağlıq Qarabağ münaqişəsinə yönəlik səsləndirdiyi bütün fikirlərin Azərbaycan əleyhinə olduğunu bildirib.

Politoloq Teleqraf.com-a açıqlamasında qeyd edib ki, Lavrov “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır” fikri bizim maraqlara cavab vermir: “Əvvəlcə dedi ki, bölgənin statusu müəyyənləşməlidir və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın. Müharibəyə olmayacağına dair təminat Azərbaycana mesajdır. Biz belə bir təminatı verə bilmərik. Həm də qeyd elədi ki, Qarabağa ziyarət etməkdə qəbahətli nə isə yoxdur. Eyni zamanda dedi ki, insidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bir sözlə, nə danışıbsa, Azərbaycanın adını çəkmədən fikirləri bizim əleyhinə olub”.
Onun sözlərinə görə, Lavrovun dedikləri Dağlıq Qarabağın “müstəqilliyinə” yol açır: “Lavrov tam ermənilərin dediyini təkrarlayıb və İrəvanın çox çalışdığı “paket həll” variantını tələffüz edib. Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək. Lavrov əslində topu özündən uzağa atmağa çalışır. Belə görünür ki, bu məsələnin həllində ATƏT-in ciddiyyəti qalmayıb. Bunu 25 ilə yaxındır ki, görürük. Münaqişənin həllini başqa müstəvidə axtarmaq lazımdır. O müstəvi də bəllidir. İşğalçıya daim təzyiq yolu ilə bu məsələni həll etmək olar. Bəlkə də təzyiq yolu ilə sonda Rusiya da belə qərara gələcək ki, əslində Ermənistan hakimiyyətinə anlatmaq lazımdır ki, mərhələli həll planı qəbul edilsin. İşğalçıya təzyiq olmadan nə ATƏT-in danışıqlarda uğur qazanacağını, nə də mərhələli həll planının Ermənistan indiki hakimiyyətinin qəbul edəcəyini düşünürəm”.

Elxan Şahinoğlu əlavə edib ki, cəbhədə monitorinqi gücləndirmək üçün monitorinq qrupunun sayını artırmaq istəyirlər: “Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan ilk növbədə istəyir ki, ATƏT Ermənistana təsir edib torpaqların işğaldan azad olunması prosesi sürətlənsin. Monitorinq o deməkdir ki, ermənilər nə işğal ediblərsə etsinlər, ATƏT status-kvonu qorumağa çalışır. Bu isə bizim maraqlarımıza ziddir. Biz atəşkəsin uzunömürlü olmasını istəyirik, bir şərtlə ki, həll prosesi işə düşsün. Bu proses başlamadan bizdən cəbhə bölgəsində monitorinqi gücləndirməyi tələb etmək doğru deyil. Bu, o deməkdir ki, bununla da işğalı rəsmiləşdirmək istəyirlər”.

İnsidentlərin araşdırılması məsələsinin əleyhinə olduğunu deyən politoloq hesab edir ki, Azərbaycan bununla razılaşsa, işğalçıya təzyiq etmək mümkün olmayacaq: “İşğalçı ilə indiki zamanda ancaq təzyiq dili ilə danışmaq mümkündür. Çünki mərhələli həll planı hələ qəbul edilməyib”.

Elxan Şahinoğlu Lavrovun “Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi” fikrinə də toxunub: “Həştərxanda Ermənistan öz üzərinə hərbçilərin nəşinin dəyişdirilməsi ilə bağlı məsuliyyətini götürmüşdü. Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingizin nəşi neçə vaxtdır Ermənistan tərəfindəndədir, onu bizə qaytarmırlar. Ermənistan özü faktiki olaraq Həştərxan görüşünün detallarını yerinə yetirmir”.

Nərgiz


Müəllif: