Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
Yeni tərkibdə Baş nazirin keçmiş müavinləri Abid Şərifov, Elçin Əfəndiyev yer almayıb.
Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, "Qaçqınkom" sədri Əli Həsənov da hökumətin yeni tərkibində yoxdur.
Əli Həsənov Baş nazirin müavini vəzifəsini saxlayıb (Axar.az).
Bundan başqa, Nazirlər Kabinetinin bir sıra yeni üzvləri təyin olunub. Bunlar əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Sahil Babayev və kənd təsərrüfatı naziri təyin edilən İnam Kərimovdur. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Samir Nuriyev sədr gətirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev olub.
Yeni tərkibdə bir sıra nazirlik və dövlət komitələrinə rəhbər təyin edilməyib. Azərbaycan səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.
Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə sədr təyinatı olmayıb.