Dövlət büdcəsinə xərclərin artırlıması üçün nəzərdə tutulmuş vəsaitin müəyyən hissəsi sahibkarların dollar krediti probleminin həllinə yönəldilsə, ölkədə iqtisadi inkişaf baş verəcək. Qeyri-neft sektoru inkişaf edəcək, vətəndaşlar həmin sahələrdə işləyəcək. Bu iş yerlərinin və maaşların artmasına kömək edəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, bu gün əhalinin və sahibkarların dollar kreditlərinin olması ölkə iqtisadiyyatının inkişafına mənfi təsir edir. “Bankların dollar məzənnəsinin fərqi qarşılansa, əhalinin və sahibkarların üzərindən bu yük götürülə bilər”.
Əkrəm Həsənov deyib ki, neftin qiymətinin artması nəticəsində büdcəyə daha çox pul daxil olur: “Lakin, neftin qiymətinin artması qeyri-sabitdir. Bu baxımdan xərclərin atırılmasında ehtiyatlı olmaq lazımdır. Artırılacaq gəlirlər neft fondunda saxlanıla və vacib problemlərin həllinə yönəldilə bilər”.
Qeyd edək ki, bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə edilib. Dövlət büdcəsinin xərclər hissəsinin 2 milyard 13 milyon manat artırılması, neftin qiymətinin isə 55 dollar götürülməsi nəzərdə tutulur.