11 İyun 2019 13:33
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru Əhməd Mahbub Musabihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, S.Mehdiyev Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən razılıqla söhbət açıb.

Komitə sədri qeyd edib ki, iki ölkə arasında iqtisadi, siyasi əlaqələr yüksək səviyyədədir və Azərbaycan, eyni zamanda, Dubay əmirliyi ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən S.Mehdiyev, bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.

Azərbaycan və BƏƏ arasında ticarət əməkdaşlığından da söhbət açan Komitə sədri, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. S.Mehdiyev hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Ə.Musabih ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, bu əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını deyib. Qonaq iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını vurğulayıb, ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə edilməsinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsinin sevindirici hal olduğunu bildirib.

Azərbaycan və BƏƏ arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edən Ə.Musabih bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Qonaq bir sıra sahələrlə yanaşı, gömrük xidməti sahəsində də əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

12:50

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Gömrük Xidmətinin icraçı direktoru Əhməd Məhbub Müsabihin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Dubay Gömrük Xidmətinin nümayəndə heyəti iyunun 12-14-də Bakıda keçiriləcək Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisində iştirak edəcək.

Bakıda baş tutacaq İnformasiya Texnologiyaları Konfransı və Sərgisi “Smart sərhədlər üçün yeni texnologiyalar” şüarı altında keçiriləcək. Konfrans ticarət, səyahət və nəqliyyat üçün yeni imkanlar yaradacaq. Gələcəkdə bu konfrans rəqəmsal dünyanın gömrük və digər dövlət qurumlarına təsirini araşdıracaq.

Qeyd edək ki, İnformasiya Texnologiyaları Konfransı və Sərgisində Dubay gömrük xidməti ilə yanaşı, Cənubi Koreya, İtaliya, Çin, Hollandiya, Almaniya və digər ölkələrin nümayəndə heyətləri, həmçinin “Huawei”, “S2 Global” və “McKinsey” kimi şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, sərgidə özəl və hökumət sektorunda yaradılan yeni texnoloji tərtibatlar təqdim ediləcək. Bu texnologiyalar yeni imkanlar yaradacaq.

Əhməd Məhbub Müsabih bildirib ki, bu qlobal sərgi və konfransda iştirak onların öhdəliklərinin bir hissəsidir: “Burada iştirakımız bizim digər gömrük xidmətləri və hüquq mühafizə orqanları ilə təhlükəsizlik sahəsində səylərin koordinasiyası ilə bağlı aparıcı mövqeyimizi dəstəkləmək deməkdir. ÜGT ilk dəfə, gömrük texnologiyası ilə əlaqədar təşəbbüslərin formalaşmasına kömək edən iki böyük dövlət və özəl sektorun tədbirlərini birləşdirdi. Bu da bütün iştirakçılar üçün bu tədbiri əhəmiyyətini daha da artırır”./report/


Müəllif: Teleqraf.com