Fatimə ilə İmanın fotosu paylaşılmışdı, oğlan sevincək görünmürdü. Hiss olunur ki, hər iki tərəf üçün məcburi nikahdır. Oğlanı da qurban qismində qəbul etmək lazımdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Masallı rayonu Xoşçobanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü həmkəndlisi İman Məmmədov tərəfindən qətlə yetirilməsi faktına münasibət bildirərkən deyib.
“Bəlkə də seksual uyğunsuzluq olub”
Onun sözlərinə görə, 18 yaşında oğlanın təcili evlənməsi valideynin icazəsi olmadan mümkünsüzdür: “Uşağın istintaqda nə dediyini bilmirəm. Biz bəzən fərziyyələr irəli sürürük və bu, istintaqa mane olur. Amma faktiki cinayət törədilib və uşaq etiraf edib ki, boğmuşam. İki həftəlik gəlinin öldürülməsi məsələsinə diqqət yetirsək, bəlkə də seksual uyğunsuzluq olub, uşaq özünü idarə edə bilməyib, seksual tərbiyə məsələsi önəmli məqam olub. Çünki məcburi evlilik də olsa qərəzi olası deyil, hər halda boğmazdı. Ola bilsin seksual tərbiyə olmadığından özünü idarə edə bilməyib. Başqa ehtimal ağlıma gəlmir”.
Mehriban Zeynalova hesab edir ki, hər ikisi qurbandır: “Çünki oğlan da məcburi evliliyə vadar edilib, bu yaşda çox az sayda kimsə dəli-divana olur və valideynlərini evliliyə məcbur edir. Ailə haqda məlumatımız yoxdur deyə ancaq ehtimallar irəli sürə bilirik. Yayılan fotoşəkil də bu təəssüratı yaradır”
Onun sözlərinə görə, regionlarda azyaşlıların ərə verilməsi problemi hələ də qalmaqdadır: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Elgün Səfərov da deyir ki, problem olsa da, cinayət işi qaldırılmır. Bu da ondan irəli gəlir ki, biz stereotipləri qanundan üstün tuturuq. Bu, insanların mərdiməzarlıq, xoşbəxtliyə mane olma qismində qəbul etməsi kimi təqdim olunur. Əxlaqi-mənəvi məsələni də qabardırlar, uşaqları bütün təhlükələrdən qorumaq və tez ərə vermək yanaşması sərgiləyirlər. Bu hadisədə hər iki valideyn məsuliyyət daşıyır və təəssüf ki, onları məsuliyyətə cəlb eləmirlər. O cümlədən, məktəb, qəyyumluq şöbələri də məsuliyyətli olmalıdır”.
“Ailə münaqişəsinin əsas qurbanı kişilərdir”
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da İman Məmmədovun qurban olduğu qənaətindədir: “19 yaşlı əri tərəfindən öldürülən 16 yaşlı arvadın dramına hamımız qadının taleyi nöqteyi-nəzərindən yanaşırıq. Bəs kişi? Hərçənd, ona “kişi” demək də tam olaraq korrekt deyil, çünki əslində uşaqdır. İndi o, ömrünün ən gözəl vaxtında zindanda çürüyəcək. Gəncliyin bütün nemətlərindən, imkanlarından məhrum qalacaq. Əgər 10-15 ildən sonra çıxacaqsa, yenidən həyata adaptasiya ola bilməyən lazımsız, faydasız bir məxluqa, güman ki, əyyaşa, narkomana çevriləcək. Ölüm bundan min dəfə yaxşıdır. Deyə bilərsiniz ki, günahkar özüdür, canı çıxardı, arvadını öldürməzdi. Prosedur baxımından haqlısınız, amma reallıq, təəssüf ki, prosedur şablonları qədər sadə deyil”.
Vüsal Məmmədovun fikrincə, heç kim gəncliyində dörd divar arasına şaquli şəkildə gömülmüş canlı meyitə çevrilmək istəməz: “O uşaq sadəcə, heç nə anlamayıb, qanmayıb. O, təsəvvür belə eləməyib ki, adam boğmaq, qatil olmaq, ömürlük həbs, ailə nədir. Onun auditoriyada dərs dinləyən, qrupdakı qızlara gic-gic mesajlar yazan, gələcəklə bağlı planlar quran vaxtı idi. Ailə münaqişəsinin əsas qurbanı kişilərdir”.
Baş redaktor hesab edir ki, bəzi dəqiqələr olur kişi heç nəyi dərk edə bilmir, həyat yoldaşını öldürsə, ona özünün haqlı olduğunu sübut etmiş olacaq: “Mən şəxsən növbəti münaqişə zamanı arvadını öldürməyə hazırlaşan bir kişi tanıyırdım. Yaxın adam idi, elə bilirdi ki, arvadını öldürsə, özünün haqlı olduğunu ona da, bütün dünyaya da sübut etmiş olacaq. Sonrakı həyatının nə qədər dəhşətli keçəcəyini isə təsəvvür eləyə bilmirdi, desək də, başa düşmürdü. Xoşbəxtlikdən, həmin ərəfədə tamam ayrı məsələyə görə dəqiq xatırlamıram, onu polisəmi, məhkəməyəmi çağırmışdılar. Səhəri gün gedib boşandı. Bu müdrik qərarın səbəbini soruşanda verdiyi cavab sözbəsöz yadımdadır: “Orada dəmir barmaqlıq gördüm və hiss etdim ki, ömrümü onun arxasında çürütmək istəmirəm”. Təəssüf ki, çoxları bu nöqtəyə qədər gəlib çatmadan qatilə çevrilirlər. Ona görə də, insanları tam həyat yetkinliyi qazanmayana qədər evlənməyə qoymamaq, problemli ailələri uzatmadan boşandırmaq lazımdır. Qoy, ailə dağılsın, heç nə olmaz, bu, normaldır, dəhşətli deyil. Dəhşətli olan fiziki və mənəvi ölümdür, diri-diri çürüməkdir”.
“Yeni ailə quracaq insanlar belə xəbərlərdən sarsıntı keçirir”
Psixoloq Elnur Rüstəmov məsələyə başqa aspektdən yanaşıb: “Araşdırma aparılır, statistikalar göstərir ki, bu cür hadisələr nə qədər çox işıqlanırsa, onların təkrarlanma ehtimalı çoxalır. Bu xəbər ötən gün çıxıb, 10 günü nəzarətdə saxlasanız, görəcəksiniz ki, analoji hallar artacaq. Söhbət insan həyatına biganə olmaqdan getmir, əlaqədar qurumlar iş görməlidirlər, necə olur ki, yeniyetmə ailə qurur, ən azı icra nümayəndəsi var, niyə tədbir görməyib? “Yuxudan tez oynanla tez evlənən qazanar” tipli deyimlərimiz var, yavaş-yavaş maarifləndirmə aparılır, təbliğatla bu cür düşüncələri özümüzdən uzaq saxlamaq lazımdır”.
Psixoloq qeyd edir ki, bu hadisədən yeni ailə quracaq insanlar, xüsusilə yaxınları nə qədər psixoloji sarsıntı keçirir: “Hüquqi, psixoloji maariflənmə işi aparılmalıdır. KİV-də kütləvi qaydada tirajlanmamalıdır. Bəzən qorxunun insanı özünə çəkmək kimi mexanizmi var. Xəbəri oxuyan hər insan onu düşüncəsinə uyğun olaraq qavrayır. Hamı gedib intihar etmir, cinayət törətmir. Çətinlik, sarsıntı yaşayan insanları bu cür xəbərlər tətikləyə bilər. Çoxu başlığı oxuyur, heç mətnə diqqət yetirmədən reaksiya verir. Bizim cəmiyyətin bu kimi problemləri var. Bu baxımdan belə xəbərləri kütləvi yaymaq cinayətlərin təkrarlanmasına rəvac verir”.