Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlər Xocalı faciəsinə həsr olunan şeirlər səsləndiriblər. Tədbirin davamında faciənin dəhşətləri əks olunan fotolardan ibarət slayd nümayiş etdirilib.
Daha sonra məktəbin şagirdləri tərəfindən fevralın 25-dən 26-na keçən gecə dinc Xocalı sakinlərinin başına gətirilən, insanlığa sığmayan hadisələri əks etdirən “Xocalıdan sonuncu çərşənbə” adlı səhnəcik nümayiş etdirilib.
Sonda məktəb direktorunun müavini Mehparə Tahirova Xocalı faciəsi haqqında ətraflı məlumat verərək, bu dəhşətli soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu deyib: "Bu faciə erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən ağır cinayətdir. Dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülən insanlar dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıb".