Ermənistanın Azərbaycan qarşı işğalçılıq siyasəti ilə bağlı Azərbaycanın ortaya qoyduğu vətənin müdafiəsi mövqeyini diqqətlə izləyirik. Ermənistanın işğal etdiyi ərazilərdən bəzi bölgələrin 27 il sonra geri alınması xəbərləri bizi son dərəcə sevindirir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyasının İdarə Heyətinin iclasından sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı açıqlamalarında deyib.
Azərbaycan işğala məruz qalarkən səsini çıxarmayanların sülh çağırışı etmələrinin səmimiyyətdən kənar olduğunu diqqətə çatdıran AKP sözçüsü Ömər Çelik deyib: “Ermənistana verilən silahları, bu dövlətin terrorçulardan istifadə etməsini görməmək, Azərbaycanın işğal altında olan torpaqlarını geri almaq cəhdlərini kölgələmək yolverilməzdir”.
Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsini və mülki əhalini hədəf almasını kəskin şəkildə qınayan Ədalət və İnkişaf Partiyasının rəsmisi vurğulayıb ki, təcavüzkar tərəf bununla bir daha diplomatik həll istəməyən, siyasi müzakirələrdən uzaq olan tərəf olduğunu göstərib: “Dinc azərbaycanlıların öldürülməsi yolverilməzdir. Şəhid azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması bizim üçün öz məsələmizdir. Ermənistan işğalçı tərəfdir və işğal etdiyi əraziləri daha da genişləndirmək üçün hücumlar edib. Türkiyə olaraq bundan sonra da Azərbaycana haqlı işinə mənəvi dəstək verməkdə davam edəcəyik”.