Hesab edirəm ki, Rusiya sülhməramlıları onlara həvalə olunan mandatdan kənara çıxırlar. Onların ixtiyarı yoxdur ki, xəritədə dəyişiklik etsinlər, yeni xəritələr çəksinlər.
Bu fikirləri Teleqraf.com-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Hadrut qəsəbəsinin Köhnə Tağlar və Çaylaqqala kəndlərində baş verən son erməni təxribatı, Azərbaycan tərəfinin həyata keçirdiyi xüsusi əməliyyat və rus sülhməramlılarının bu kəndləri nəzarət edəcəkləri xəritəyə əlavə etməsini şərh edərkən deyib.
Tahir Kərimli xatırladıb ki, noyabrın 10-da üçtərəfli bəyanat imzalananda sovet dövründə mövcud olan sərhədlərin haradan keçdiyi, real situasiyanın nədən ibarət olduğunu bilinib: “Bunların hamısı dəqiq müəyyən edilib. İndi onların özlərinin xəritəyə düzəliş etməyə nə səlahiyyəti var? Bununla birbaşa mandatı aşan hərəkət ediblər. Hesab edirəm ki, onlar bununla bağlı xəbərdarlıqdan nəticə çıxarmayıblar. Biz bilirik ki, Azərbaycanın Müdafiə və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi sülhməramlı kontingentin rəhbərliyi ilə görüşüb. Ehtimal edirəm ki, onlara müəyyən xəbərdarlıq edilib.
Onların mandatı erməni silahlıları çıxdıqca təmas xəttində yerləşməkdir. Erməni silahlılarını çıxarmaq əvəzinə özləri orada yerləşdi və belə məlumatlar da var ki, bəzi məsələlərə göz yumurlar. Üstəlik Azərbaycan suverenliyinin əleyhinə olan qondarma qurumun nümayəndələri ilə görüşürlər, Ermənistandan gələnlərlə müzakirələr aparırlar. Bu əslində Azərbaycanın suverenliyinin əleyhinə və Prezident Putinin bəyanatına ziddir. Onlar bilməlidir ki, sülhməramlıların burada olmağı ancaq Ermənistanın xoşuna gələ bilməz. Dünyada Azərbaycan daxil olmaqla elə bir ölkə yoxdur ki, bunu xoş qarşılasın. Siyasi, faktiki və bir sıra məsələlər nəzərə alınaraq rus sülhməramlıları burada yerləşibsə, buna görə onlar sevinməlidir və mandatı elə yerinə yetirməlidirlər ki, qalmaqal yaranmasın. Ümid edirəm ki, bu səhvi düzəldəcəklər. Yəqin ki, rəsmi kanallar vasitəsilə də məsələ dəqiqləşdirilir”.