26 Yanvar 2021 13:31
4 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Rəşad Nəbiyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Teleqraf.com yeni nazirin tərcümeyi-halını təqdim edir.

Rəşad Nəbi oğlu Nəbiyev 26 avqust 1977-ci ildə dünyaya gəlib.

1994-2000-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. O, bu ali təhsil ocağında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib.

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Daha sonra təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib.

2002-2004-cü illərdə Azərbaycan Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin əməkdaşı olub.

2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 2011-ci il 24 yanvar tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilib. Rəşad Nəbiyev tam 10 il idi ki, bu vəzifəni tuturdu.


Müəllif: Səxavət Həmid